Accessibility links

Şimali Koreya lideri Trampın “əqli anormal” olduğunu və ifadələrinə görə bədəl ödəyəcəyini deyib


Şimali Koreya lideri Kim Conq Un ABŞ prezidentinin ünvanına sərt ifadələr işlədərək, onun “əqli anormal” olduğunu və ölkəsini məhv etməklə hədələdiyinə görə bədəl ödəyəcəyini bildirib. Bu sözlər cümə günü Trampın Pxenyana qarşı sanksiyalarla bağlı sərəncamından bir neçə saat sonra səsləndirilib.

Şimali Koreya sərt beynəlxalq təzyiqlərə tab gətirərək, öz nüvə və raket proqramını həyata keçirməyə davam etdiyi zaman, Trampla Kimin bir-birinə qarşı işlətdikləri hədələyici ifadələr vəziyyəti daha da gərginləşdirib.

ABŞ prezidenti BMT-də ilk çıxışı zamanı bildirib ki, 26 milyon əhalisi olan Şimali Koreya ABŞ-a və müttəfiqlərinə qarşı təhlükə törətdiyi halda o, ölkəni “tam məhv edəcək.” Tramp, daha sonra Kimi “raket adam” adlandıraraq, onun "özünün və rejiminin intihar missiyasını həyata keçirdiyini" bildirib.

Kim isə Şimali Koreyanın ABŞ-a qarşı “tarixi boyu həyata keçirilən ən sərt əks-tədbirləri” haqqında düşünəcəyini və Trampın şərhlərinin ölkənin nüvə proqramını həyata keçirməkdə doğru qərar verdiyinə sübut olduğunu deyib.

Pxenyan özünün altıncı və ən böyük nüvə sınağını 3 sentyabr tarixində keçirib. Bununla bərabər, Şimali Koreya ABŞ-ı hədəf götürə bilmək üçün il ərzində onlarla raket sınağı keçirməklə nüvə proqramını sürətləndirib.

XS
SM
MD
LG