Accessibility links

İran Azərbaycanında türk naşirlər kitab sərgisinə alınmayıb


İran Azərbaycanı və Tehranda türkcə kitab nəşr edən naşirlərin oktyabrın 21-də fəaliyyətə başlayacaq 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisinə alınmadığı bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portalları bu barədə məlumat yayıb.

Təbriz, Urmiyə, Binab və Tehran kimi şəhərlərdə fəaliyyət göstərən “Kirpi”, “Qalan Yurd”, “Dənizçin”, “Azturan”, “Yaz”, “Buta”, “Parlaq Qələm”, “Paytaxt” və “Əndişəyi Nov” kimi türk naşirlərin 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisində pavilyon qurmalarına icazə verilməyib.

İran Azərbaycanında onlayn kitab satışı ilə məşğul olan “Online Kitabçı”-ya istinadən, “naşirləri sərgiyə almayan məsullar kifayət qədər pavilyonun olmadığını irəli sürüblər.”

Urmiyədə fəaliyyət göstərən “Buta” nəşriyyatının müdiri Məhəmməd Sübhdil deyib ki, “biz əlaqdar internet saytında qeydiyyat formunu dolduran birinci naşirlərdən olduq. Buna baxmayaraq məsullar yetərli pavilyonun olmadığını önə çəkir.”

“Online Kitabçı”-nın İnstagram hesabında yazılanlara görə, “türk naşirlər bu barədə Şərqi Aəzrbaycan vilayətinin İrşad və Mədəniyyət idarəsinə etiraz bildirib amma heç bir nəticə ala bilməyiblər.”

Təbriz Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-də fəaliyyətə başlayacaq. Yarı-rəsmi “Fars” agentliyinin məlumatına görə, sərgiyə 900 daxili və 50 xarici nəşriyyat qatıacaq.

Keçən ilin may ayında Tehran Beynəlxalq Kitab Sərgisində “pan-İranist” qüvvələrin İran Azərbaycanından sərgiyə qatılan bir nəşriyyatın pavilyonuna hücumu geniş təpkilərə səbəb olmuşdu.

İranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara təzyiqlər son illərdə daha da artmışdır.

2018-ci ilin Novruz Bayramı ərəfəsində nəşr edilmiş “Türkcə Təqvim” ilə əlaqədar olaraq mədəni fəal Behnam Nurməhəmmədi Tehranda işlətdiyi mətbəədə nəzarət altına alınmışdı. Nurməhəmmədidən sonra həmin mövzu ilə əlaqədar Yasir Ərfəi və Mehdi Qəməri adlı daha iki fəal həbs edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG