Accessibility links

Arif Əliyevin “350” kitabının təqdimatı olub


Arif Əliyev
Arif Əliyev

İyulun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasındajurnalist Arif Əliyevin rus dilində "350" kitabının təqdimatı keçirilib.

Bu bədii əsər 1920-ci ilin aprelində Azərbaycanın Qızıl Ordu tərəfindən işğalına və Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) hökumətinin devrilməsinə aid tarixi faktlara əsaslanır.

Kitab bu tarixin az məlum olan epizoduna - Qızıl Ordunun zirehli qatarının Azərbaycan-Rusiya sərhədində Yalama adlı yerdə Azərbaycan SQ-nin kiçik dəstəsi ilə ilk döyüşünə həsr olunub.

Həmin günlər Azərbaycan ordusunun müntəzəm hissələri Dağlıq Qarabağda daşnakların rəhbərliyi altında erməni separatçılarının hücumunun qarşısının alınması ilə məşğul idi və ölkənin şimal sərhədləri boş qalmışdı.

"350" kitabı
"350" kitabı

Yüzlərlə döyüşçü çoxminlik Qızıl Ordu ilə qeyri-bərabər döyüşə başladı və hərbi borclarını yerinə yetirmək və ölkəni işğaldan qorumaq naminə canlarından keçdilər.

100 ilə yaxındır bu əsgərlərin taleyi və döyüş faktı barədə danışılmırdı, sovet tarixşünaslığında isə, ümumiyyətlə, Azərbaycan əhalisinin Qırmızı Ordunu gül-çiçək və sevinclə qarşıladığı yazılırdı.

"350" kitabı bu qeyri-bərabər döyüşü qəbul edən o əsgərlərin taleyindən və həmin illər Azərbaycanda, regionda və dünyada siyasi vəziyyətdən bəhs edir.

Təqdimatda çıxış edən ictimaiyyət nümayəndələri bu işin böyük tarixi və ideoloji əhəmiyyətini qeyd ediblər.

Arif Əliyev özü bildirib ki, kitabın orijinalını azərbaycan dilində yazıb və rus dilindəki nəşr rusdilli oxucu və kitabın ölkə hüdudlarından kənarda yayılması üçün nəzərdə tutulub.

O, həmçinin qeyd edib ki, araşdırılmış materiallar əsasında eyniadlı sənədli film çəkilir. Filmin çəkilişi bu ilin payızında başa çatmalıdır.

XS
SM
MD
LG