Accessibility links

"Super Çərşənbə Axşamı"-nın əsas qalibləri: Klinton və Tramp


Bir neçə ştatda qələbələr çalmaqla Demokrat Hillari Klinton və Respublikaçı Donald Tramp öz partiyalarının nominasiyası uğrunda mübarizədə birinciliyi möhkəmləndiriblər. İlkin seçkilərin ən mühüm günü sayılan və "Super Çərşənbə Axşamı" kimi tanınan gündə ön sırada gedən iddialılar rəqiblərini böyük hesabla üstələyiblər.

Bu ölkə təkcə lap yuxarıda qərar tutanlara yox, bizim hamımıza məxsusdur.
Hillari Klinton

Media hesablamalarına əsasən sabiq Dövlət Katibi Klinton altı cənub ştatında - Alabama, Arkanzas, Georgia, Tennessi, Texas və Virciniyada, şimalda isə Massaçussets ştatında Vermont Senatoru Berni Sandersi məğlubiyyətə uğradıb. Sandersin qalib olduğu ştatlar doğma Vermont, Oklahoma, Minnesota və Kolorado ştatları olub.

Respublikaçlar tərəfdə isə Tramp Alabama, Arkanzas, Georgia, Massaçusetts, Tennessi, Vermont və Virciniyada qələbə çalıb. Texas, Oklahoma və Alyaskada Senator Ted Kruz, Minnesota ştatında isə Marko Rubio qalib gəliblər.

Demokrat iddialı Hillari Klinton
Demokrat iddialı Hillari Klinton

Nəticələr çoxlarını təəccübləndirmir. Belə ki, rəy sorğuları "Super Çərşənbə Axşamı" ştatlarında və ümummilli miqyasda Klinton və Trampın öndə getdiklərini göstərirdi.

Floridada tərəfdarları qarşısında çıxış edən Klinton qarşıda görüləsi çox işin olduğunu bəyan edib:

“Biz hər bir səs uğrunda mübarizə aparacağıq, və bizə lazımdır ki, siz könüllü kimi fəaliyyətinizi davam etdirəsiniz, dostlarınızla, qonşularınızla danışasınız, çünki bu ölkə təkcə lap yuxarıda qərar tutanlara yox, bizim hamımıza məxsusdur.”

Hillari hakimiyyətdə o qədər çox oturub. Əgər indiyədək iqtisadiyyatı qaydasına sala bilməyibsə, növbəti dörd ildə də bunu edəsi deyil.
Donald Tramp

Qələbə nitqi söyləyən Donald Tramp gecənin onun üçün əla keçdiyini bildirib. “Amerikanı yenidən möhtəşəm edəcəyik,” deyə Tramp tərəfdarlarını qarşıda daha böyük uğurlar gözlədiyinə əmin edib.

İqtisadiyyatın hazırkı durumundan gileylənən Klintonu məsxərəyə qoyan Tramp deyib:

“O, hakimiyyətdə o qədər çox oturub. Əgər indiyədək iqtisadiyyatı qaydasına sala bilməyibsə, növbəti dörd ildə də bunu edəsi deyil.”

Donald Tramp Palm Beach-də tərəfdarları qarşısında nitq söyləyir.
Donald Tramp Palm Beach-də tərəfdarları qarşısında nitq söyləyir.

Namizədlik uğrunda mübarizədə əsas rəqiblərindən olan Marko Rubioya gəldikdə Tramp floridalı senatoru yarışı tərk etməyə çağırıb.

Super Çərşənbə Axşamından sonra Hillari Klinton öz partiyasının qurultayına 1055, Donald Tramp isə 315 nümayəndə ilə yollanır. Demokratların nominasiyasını almaq üçün 2382, Respublikaçılarda isə 1237 tələb olunur.

Partiyaların yekun namizədləri iyul ayında keçiriləcək ümummilli qurultaylarda müəyyən olunacaq. Namizədlərin təyinatı onların ilkin seçkilərdə topladıqları səslərdən asılı olacaq. Respublikaçıların qurultayı Ohayo ştatının Klivlend şəhərində, Demokratlarınkı isə Filadelfiyada keçiriləcək.

XS
SM
MD
LG