Çərşənbə günü sabiq dövlət katibi Hillari Klinton Demokrat partiyasının prezidentliyə vahid namizədi olmağa doğru daha bir addım irəliləyib.
Kentakki ştatında keçirilən praymeridə səslərin çoxu hesablanandan sonra Klintonun Vermont senatoru Berni Sandersdən 2 min daha çox səs topladığı bildirilib. Seçki rəsmiləri hələ qalibin adını açıqlamayacaqlarını desələr də, Klinton qalibiyyətini elan edib.
Lakin çərşənbə axşamı tərəfdaşları önündə çıxış edən Sanders bunu öz qələbəsi olaraq görüb.
Son nəticənin böyük əhəmiyyəti olmayacaq, çünki demokratlar nümayəndələri namizədlər arasında proporsional olaraq böləcək və bu da o deməkdir ki, Kentakkidəki nümayəndələrin sayı namizədlər arasında demək olar bərabər bölünəcək.
Çərşənbə günü daha bir praymeri Oreqon ştatında keçirilib və bu praymerinin qalibi Berni Sanders olub.
Sandersin Klinton üzərində üstlünlük əldə etməsi və partiyadan namizəd olması üçün o nümayəndələrin qalan hissəsinin 85 faizinin dəstəyini qazanmalıdır.
Demokratların iyunun 4-də Vircin Adalarında, iyunun 5-də isə Puerto Rikoda praymeriləri keçiriləcək. Amma bu ərazilərdə çox sayda nümayəndə olmadığı üçün Klintonun iyunun 6-da altı ştatda keçiriləcək praymerilərdən sonra Demokrat partiyasının nominasiyasının əldə edəcəyi gözlənilir.
Demokrat namizəd noyabrda keçiriləcək ümumi seçkilərdə respublikaçı namizəd Donald Trampla rəqabət aparacaq.