ABŞ-ın xüsusi təyinatlı qüvvələri Bağdad hərbi qüvvələrinə İŞİD-ə qarşı mübarizə aparmaqda kömək etmək məqsədilə İraqa yetişib. Bunu ABŞ Müdafiə naziri Eşton Karter deyib.
Müdafiə nazirinin sözlərinə görə, komandos qüvələrinin 200 üzvü artıq iraqlılarla əlaqə yaradıb və “yeni hədəflər, yeni hücumlar və yeni imkanlar” axtarır.
Eşton Karter bu açıqlamaları Kentukki ştatında Fort Kampbell bazasında 101-ci desant diviziyasının əsgərləri qarşısında çıxışı zamanı verib. Müdafiə naziri İraq və Suriyada geniş ərazilərin nəzarətinin İslam Dövləti qrupundan geri alınması planlarını izah edib.
ABŞ İraq hərbi qüvvələri və kürd Peşmərqə qüvvələrinə İraqın şimalında Mosul şəhərinin nəzarətini geri almağa, eyni zamanda, Suriya üsyançılarına ölkənin şimalından və özlərinin paytaxtı elan etdikləri Raqqa şəhərindən İŞİD döyüşçülərini çıxarmağa gömək edir.
Komandos qüvvələrinin yerləşdirilməsi ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizədə bir il bundan əvvəl prezident Barak Obamanın quru qüvvələr göndərməkdən imtina etməsinə baxmayaraq, Birləşmiş Ştatların yüzlərlə döyüş təyyarələri və dronlarının hücumlarına əlavə olaraq üzərinə yeni təəhhüdlər götürdüyünü göstərir.
Komandoslar Obamanın prezident Bəşar Əl-Əsədə qarşı beş ilə yaxındır davam edən vətəndaş müharibəsində üsyançılara dəstək məqsədilə keçən il Suriyaya göndərdiyi ABŞ-ın xüsusi təyinatlı qüvvələrin 50 üzvünə əlavə olaraq yerləşdirilir.
Müdafiə naziri Eşton Karter prezident Obamanın İŞİD məğlub olana qədər mümkün hər şeyi etmək məsələsinə sadiq qaldığını deyib.
Eşton Karterin gələn həftə Parisdə Britaniya, Fransa, Avstraliya, Almaniya, İtaliya və Niderlandın müdafiə nazirləri ilə görüşdə İslam Dövləti qrupuna qarşı daha artıq səy göstərməyə çağıracağı gözlənilir.