Accessibility links

Cənubi Karolinada Konfederativ ştatların bayrağının endirilməsi çağırışları artır


ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Konfederasiya bayrağının ştatın dövlət binasının qarşısından çıxarılmasına çağırıb.

Dünyanın ən böyük pərakəndə satış mağazası Wal-Mart mağazalar şəbəkəsi və internetdə Konfederativ ştatlarının bayrağının satışını dayandıracağını bildirib.

Qubernator Nikki Heyli bayraqla bağlı əvvəlki mövqeyini dəyişərək, bayrağın ştatın keçmişinin ayrımaz hissəsi olmasına baxmayaraq onun gələcəyi təmsil etmədyini bildirib.

O etiraf edib ki, bu bayraq çoxları üçün ağır keçmişin zülmlərinin rəmzidir. Nikki Heyli deyib ki, ştat qanunvericiləri bayraq məsələsini gündəmə gətirməsə, o, qanunvericiləri əlavə sessiya keçirməyə çağıracaq.

Konfederasiya bayrağının götürülməsi ilə bağlı məsələ ötən həftə Cənubi Karolina ştatının Çarlston şəhərindəki afro-amerikalıların kilsəsində doqquz kilsə üzvünün öldürülməsinin ardınca gündəmə gəlib.

Qətldə təqsirli bilinən ağdərili gəncin şəkillərindən birində ağdərililərin hökmranlığının rəmzi olan konfederasiya bayrağını qucaqladığı əks etdirilib.

Bayraq Amerikanın Konfederativ Ştatlarının rəsmi rəmzidir. 1861-ci ildə Amerikada köləliyi dəstəkləyən bir neçə cənub ştatı Birləşmiş Ştatların tərkibindən ayrılaraq müstəqil olmaq uğrunda dörd il müharibə edib.

XS
SM
MD
LG