Accessibility links

“QHT qanunvericiliyi əsaslı olaraq dəyişdirilməlidir”


QHT qanunvericiliyi ilə bağlı konfrans

Bakıda Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) “Vətəndaş Cəmiyyəti Dialoqu” layihəsi çərçivəsində "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" mövzusunda konfrans açılıb.

Forumda Avropa Şurasının Demokratik İdarəetmə Direktorluğunun direktoru Klaudiya Luçianı, Azərbaycan Milli Məclsinin sədr müavini Bahar Muradova, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Avropa İttifaqının, Avropa Şurasının Bakı ofislərinin rəhbərləri, Azərbaycan Prezident Administrasiyasının bölmə müdiri, Milli Məclisin deputatları, ABŞ və Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı səfirləri, çoxsaylı QHT təmsilçiləri iştirak edib.

QHT qanunvericiliyi ilə bağlı konfrans
QHT qanunvericiliyi ilə bağlı konfrans

AŞ ekspertləri tərəfindən "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" ilə bağlı tövsiyələr müzakirələrə təqdim edilib.

Parlamentin münasibəti

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycanın qanunvericiliyində, dövlət proqramlarında QHT-lərin inkişafı ilə bağlı müddəalar əksini tapıb. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir.

Bahar Muradova
Bahar Muradova

“Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Qanunların icrası üçün institusional dəstək təmin olunub. Biz ölkədə QHT-lərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılmasına nail olmuşuq", o qeyd edib.

Vitse-spiker beynəlxalq ekspertlərin hazırladığı tövsiyələri müsbət qiymətləndirib. Eyni zamanda sənəddə qanunvericiliyin icrasındakı problemlərin qanunvericiliyin problemləri kimi təqdim edilməsi ilə razı deyil.

“Bunlara ayrı-ayrılıqda baxılmalıdır. Vətəndaş cəmiyyətinin inkişafı üçün ölkədə mükəmməl qanunvericilik formalaşıb. QHT-lərin sərbəs və müstəqil fəaliyyəti üçün şərait yaradılıb”, o qeyd edib.

Bununla yanaşı, Muradova QHT-lərlə bağlı qanunvericiliyin dərinləşdirilməsi ilə bağlı tövsiyələri düzgün hesab edir.

Çıxışlarda dialoq mühitinin genişlındirilməsinin QHT-lərin fəaliyyətinin gücləndirilməsinə müsbət təsir göstərəcəyi qeyd edilib.

Hökumətin mövqeyi

Prezident Administrasiyasının bölmə müdiri Elman Paşayevin fikrincə, QHT-lərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tövsiyələr vətəndaş dialoquna nail olunması istiqamətində müsbət rol oynayacaq.

“QHT-lərin fəaliyyətinin gücləndirilməsi tək qanunvericilik məsələlərinin gücləndirilməsi ilə kifayətlənmir. QHT üzvlərinin peşəkarlığının, şəffaflıq və hesabatlılığın artırılması da vacibdir. Ümid edirəm ki, Avropa Şurasının tövsiyələrində bu məsələlər də əksini tapacaq. Əminəm ki, biz konstruktiv əməkdaşlığa nail olacağıq", o qeyd edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başçılıq etdiyi qurumun QHT qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində hər zaman töhfə verdiyini deyib. Onun sözlərinə görə, indiyədək QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər 3 əsas amillə bağlıdır.

“Birincisi, donorların və QHT-lərin fəaliyyətində şəffalıq maksimum artırılmalıdır. Bu sahədə qanunvericilikdə mühüm addımlıar atılıb. İkincisi, donorların və QHT-lərin layihələri koordinasiya olunmalıdır. Elə hallar olub ki, eyni yerdə eyni layihəni bie neçə donor maliyyələşdirib. Üçüncüsü isə milli təhlükəsizlik məsələləri ilə bağlıdır. Bir sıra hallarda qrantlar QHT adı altlında radikal dini qurumları, terror təşkilatlarını dəstəklənməkdə istifadə olunub. Bu baxımdan qanunvericilikdə edilən dəyişikliklər başa düşülməlidir. Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşir. Azərbaycanın heç də asan olmayan qonşuları var. Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”, o qeyd edib.

Quliyev eyni zamanda, Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra müsbət addımlar atıldığını, vahid pəncərə sisteminin qəbul edildiyini deyib.

QHT qanunvericiliyi ilə bağlı konfrans
QHT qanunvericiliyi ilə bağlı konfrans

Azay Quliyev AŞ-nin tövsiyələrindən danışarkən bildirib ki, tövsiyələrdə bir neçə müsbət məqam var və onlar nəzərə alınmalıdır.

“Tövsiyələrdəki bir sıra məqamlar isə mübahisəlidir. Elə məqamlar da var ki, ümumiyyətlə qəbuledilməzdir”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri QHT-lərin Maliyyə Nazirliyinə hesabatının qanunvericilikdən çıxarılmasını və QHT-lərin qeydiyyat prosesinin elektronlaşdırılmasını vacib sayır.

“Biz tərəfdaşlarımızla görüş zamanı alternativ təkliflə də çıxış edirik və hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlara QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik. Onlar maliyyələşdirməni Dövlət Dəstəyi Şurasının bank hüesabı vasitəsi ilə də apara bilər”, Azay Quliyev bildirib.

Beynəlxalq təşkilatlar nə düşünür?

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç Avropa Şurasının Azərbaycanla əməkdaşlığa dair 2014-2017-ci illər üçün fəaliyyət planını təsdiqlədiyini deyib.

QHT qanunvericiliyi ilə bağlı konfrans
QHT qanunvericiliyi ilə bağlı konfrans

"Layihənin məqsədi QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması və QHT-lərə əlverişli mühitin yaradılmasıdır. Müəyyən müddət danışıqlar aparıldıqdan sonra 2016-cı ilin martından layihənin icrasına başlanılıb. Bu Avropa İttifaqı ilə birgə layihədir”.

Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin daha bir il davam etdiriləcəyini deyib.

“Avropa İttifaqı 2007-ci ildən Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində 90 milyon avro dəyərində 70 layihə həyata keçirib. Bu il isə Avropa İttifaqı Azərbaycanda daha 10,5 milyon avro maliyyələşmə imkanı yaradıb. Bu vəsait vətəndaş cəmiyyətləri də daxil olmaqla, gəlir gətirməyən təşkilatların layihələrinə yönəldiləcək”, o qeyd edib.

Konfansın müzakirə mövzuları

QHT qanunvericiliyi ilə bağlı konfrans
QHT qanunvericiliyi ilə bağlı konfrans

Konfrans “Subyektlər və fəaliyyətlər, qeyri-formal təşkilatlar”, “Ölkədə yaşama/vətəndaşlığa dair tələblər, nizamnamə kapitalına qoyulan tələblər, qeydiyyat prosesi”, “Könüllülər, xarici QHT-lər, maliyyə”, “Hesabat və nəzarət, cərimələr” mövzisinda tövsiyələr ətrafında müzakirələrlə davam etdirilib.

Tövsiyələr

Tövsiyələrdə Mülki Məcəlləyə, “Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxlərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Vergi Məcəlləsinə, eyni zamanda çoxsaylı qərarlar və hüquqi sənədlərə dəyişikliklər təklif edilir.

Tövsiyələrdə deyilir ki, Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyətinə dair qanunvericilik Avropa standartlarının tələblərinə bir çiox aspektdən cavab vermir.

QHT qanunvericiliyi ilə bağlı konfrans
QHT qanunvericiliyi ilə bağlı konfrans

“Bundan başqa QHT-lərin üzərinə qoyulan öhdəliklərin müəyyən aspektləri ağırlaşdırıcı xarakterə malikdir və QHT-lərin fəsliyyətinə həddən çox müdaxiləyə icazə verir”, sənəddə qeyd edilir.

Tövsiyələrdə deyilir ki, QHT-lər üçün çətin mühiti dəyişmək, onların demokratiyanın və insan hüquqlarının, sosial rifahın inkişafına töhfə verməsi üçün bütövlükdə qanunvericiliyin əsaslı olaraq dəyişdirilməsi lazımdır.

“Qanunvericilikdə sadəcə nəzərə alınmalıdır ki, QHT-lər konstitusiya və qanuna zidd olmayan istənilən fəaliyyətlə məşğul ola bilər. QHT-lərə siyasi və ya dini xarakterli məsələlərlə məşğul olmaq qadağan edilməli deyil”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG