Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP), Avropa Şurasının və Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilir. Tədbirə 46 xarici ölkədən nümayəndələr, o cümlədən Azərbaycan baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, İAP-ın Baş katibi, Prokurorları Birləşdirən Elektron Cinayət Şəbəkəsinin (GPEN)N sədri və Eurojustda Hollandiyanın milli üzvü Han Moraal, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes qatılıb.
Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə - çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiyaya və kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır.
“Azərbaycan hökuməti cinayətlarlığın bütün növlərinə qarşı mübarizə aparır. Müasir informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlər daha təhlükəli olur. Azərbaycan bu tip cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı davam etdirir”.
Konfrans oktyabrın 11-dək davam edəcək.