BMT-nin uşaq fondunun verdiyi məlumata görə, Konqo Demokratik Respublikasının İturi əyalətində qəbilələrarası zorakılığın artması nəticəsində azı 90 min uşaq evlərindən qaçmağa məcbur olub.
Konqo Demokratik Respublikasının İturi əyalətinin Dcuqu ərazisində son zamanlarda qırğınlar baş verib və nəticədə on minlərlə insan evlərindən qaçıb.
BMT-nin uşaq fondu bildirir ki, bu əyalətdə baş verən etnik zorakılıq nəticəsində 66 min uşaq ölkə daxilində başqa yerə, 25 min uşaq isə qonşu Uqandaya qaçmaq məcburiyyətində qalıb.
Heman və Lendu etnik qrupları arasında mal-qara və otlaq üzərində şiddətli mübahisələr dekabr ayında başlayıb. İki qrup arasında münaqişə bu ayın əvvəli şiddətlənib.
UNICEF-in sözçüsü Kristof Bulierak deyir ki, 70-dən çox kənd yandırılıb. O, 76-dan çox insanın güllələndiyini və onların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.
Bulierak deyir ki, azı üç sağlamlıq mərkəzi və yeddi məktəb yandırılaraq, uşaqların təhsilləri yarım qalıb. O həmçinin qeyd edir ki, region boyu 100 məktəbdə dərslər dayandırlıb və 30 min uşaq təhsilsiz qalıb.
UNICEF minlərlə uşağın pis hava şəraiti, ərzaq və təmiz su çatışmazlığı səbəbilə diarreya, vəba və başqa xəstəliklərə yoluxmaq riski ilə üzləşdiyinə dair xəbərdarlıq edir. Təşkilat digər yardım agentlikləri ilə birlikdə ehtiyacı olan bu əhaliyə ədyal, sabub, təmiz su və başqa lazımlı məhsullar dağıtdığını bildirir.
UNICEF bu münaqişənin sülh yolu ilə həll olunmasına çağırır və bildirir ki, uşaqları üzləşdikləri təhlükələrdən qorumağın yeganə yolu zorakılıqlara son qoymaqdır.