Accessibility links

Konqresin Nümayəndələr Palatasında Rusiyaya qarşı sanksiyalarla bağlı səsvermə keçirilir


Konqresin Nümayəndələr Palatasının keçən il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı çərşənbə axşamı günü Rusiyaya qarşı sanksiyaları qəbul edəcəyi gözlənilir. Eyni zamanda, Nümayəndələr Palatası Konqresə prezident Donald Trampın Moskvaya qarşı sanksiyaların yumşaldılması səylərinə nəzarət etmək üçün yeni səlahiyyət verə bilər.

Senat artıq qanun layihəsinin öz versiyasını böyük səs çoxluğu ilə qəbul edib. Konqresin hər iki palatasında qanunvericilər Trampın Rusiyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində mümkün səyləri ilə bağlı 30 gün müddətində səsvermə keçirilməsi təklifi ilə çıxış edib. Bu sanksiyalara keçmiş prezident Barak Obamanın Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq Rusiyanın ABŞ-dakı iki əmlakını bağlaması da daxildir.

Prezident bu ölkələrə qarşı sanksiyaları dəstəkləyir və onların saxlanılmasını istəyir, amma eyni zamanda, o bizim daha əlverişli razılaşmalar əldə etməyimizi istəyir.
Sara Hakabi Sanders

Rusiya prezidenti Vladimir Putinlə əlaqələrin yaxşılaşdırılmasına çalışan Tramp onun Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi ilə bağlı təktərəfli səylərinin qarşısını alacaq belə bir maddənin əleyhinə çıxır. Onun qanun layihəsinə imza atacağı, ya da ona veto qoyacağı hələlik aydın deyil. Qanun layihəsinin yekun variantında İran və Şimali Koreyaya qarşı sanksiyaların da tətbiq edilməsi nəzərdə tutulur.

Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders bazar ertəsi müxbirlərə bildirib: “Bunun ən mühüm tərəfi ondan ibarətdir ki, prezident bu ölkələrə qarşı sanksiyaları dəstəkləyir və onların saxlanılmasını istəyir, amma eyni zamanda, o bizim daha əlverişli razılaşmalar əldə etməyimizi istəyir. Bu məsələlərin hər ikisi prezident üçün önəm daşıyır.”

Senatdakı layihə 92 lehinə, 2 əleyhinə ilə nəticələnmiş səsvermə zamanı qəbul edilib. Nümayəndələr Palatasında da sənədin qanunvericilərin üçdə ikisi tərəfindən dəstəklənəcəyi gözlənilir. Bu isə ona veto qoyulmayacağına qarantiya verir. Konqresin hər iki palatası layihəni imzalamaq üçün prezident Trampa təqdim etməzdən əvvəl sənədlərdəki fərqlilikləri aradan qaldırmalıdır.

Vaşinqton üçün xas olmayan birlik göstərən aparıcı respublikaçı və demokrat qanunvericilər keçən həftə sonu layihə ilə bağlı razılığa gəliblər.

XS
SM
MD
LG