ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı günü respublikaçıların amerikalıların əksəriyyəti üçün vergi ixtisarlarını nəzərdə tutan 1.5 trilyon dollarlıq vergi islahatlarına dair səsvermə keçirməyə hazırlaşır. Lakin vergi məsələləri üzrə təhlilçilərin çoxunun bildirdiyinə görə, vergi islahatlarından ən çox zənginlər faydalanacaq.
Senatda respublikaçıların lideri Mitç Makkonnellin bildirdiyinə görə, Nümayəndələr Palatasında səsvermədən sonra Senatda səsvermə keçiriləcək. Əgər Konqresin hər iki palatası qanun layihəsini təsdiq etsə, sənəd imza atmaq üçün prezident Donald Trampa göndəriləcək. Bu, ABŞ-ın vergi sistemində son 30 ildə ən genişmiqyaslı dəyişiklikləri əhatə edən bir qanun layihəsi ola və Trampa qanunvericilik sahəsində ilk böyük qələbəni vermis ola bilər.
Respublikaçı qanunvericilərin korporasiyalar üçün vergilərin 35 faizdən 21 faizə endirilməsi, gəlirlərə görə vergilərin azaldılması üçün səsləri belə görünür təmin olunub.
Vergi siyasətləri Mərkəzinin hesablamalarına görə, qanun layihəsi amerikalıların 95 faizi üçün vergilərin ixtisarını nəzərdə tutur. Lakin mərkəzin bildirdiyinə görə, bu ixtisarlar daha çox gəlirləri olanlar üçün azgəlirli insanlardan daha artıqdır.
Respublikaçıların qanun layihəsinin hazırlanması üçün bağlı qapılar arxasında keçirdiyi müzakirələrə dəvət olunmayan demokratlar sənədə etiraz edir. Onlar vergi dəyişikliklərinin böyük korporasiyaların və zənginlərin xeyrinə olduğunu, orta sinfin menafələrinə xidmət etmədiyini bildirir.
Respublikaçıların qanun layihəsi üzrə səsvermə keçirməyə yaxın olduğu vaxt bir sıra rəy sorğuları amerikalıların çoxunun ona etiraz etdiyini göstərir.