Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası Rusiyanın keçən il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı Moksvaya qarşı sanksiyalara dair qanun layihəsini qəbul edib.
Hər iki partiyanın dəstəklədiyi qanun layihəsində prezident Donald Trampın sanksiyaların yüngülləşdirilməsi məqsədilə mümkün səylərinə Konqres tərəfindən nəzarət edilməsi nəzərdə tutulur.
Qanun layihəsinin əvvəlki variantı Senat tərəfindən iyun ayında 97 lehinə, 2 əleyhinə səslə qəbul edilib.
Konqresdə sanksiyalarla bağlı 419 lehinə və 3 əleyhinə səslə qəbul edilmiş qanun layihəsində İran və Şimali Koreyaya qarşı da əlavə sanksiyalar nəzərdə tutulur.
Qanun layihəsi təsdiq edilsə, bununla Konqresə prezident tərəfindən sanksiyaların yüngülləşdirilməsinə yönəlmiş mümkün hər hansı səylərə nəzarət etmək imkanı veriləcək.
Əgər prezident Tramp qanuna veto qoysa, o, Konqres tərəfindən vetonun ləğvi kimi addımla qarşılaşa bilər. Eyni zamanda, bu, onun administrasiyasının İran və Şimali Koreyaya qarşı dəstəklədiyi sanksiyaları rədd etməsi demək olacaq.