ABŞ Şimali Koreyanın nüvəsizləşməyə mərhələli yanaşma tərzini qəbul etməyəcəyini bildirib. Bunu ABŞ-ın Pxenyan üzrə xüsusi nümayəndəsi deyib.
"Biz nüvəsizləşməni addım-addım etməyəcəyik. Prezident bunu aydın şəkildə söyləyib" - deyə, Vaşinqtonda keçirilən nüvə siyasəti konfransında Stiv Biqun bildirib.
Biz nüvəsizləşməni addım-addım etməyəcəyik
Bu bəyanat ABŞ-ın Donald Tramp və Şimali Koreya lideri Kim Con Un arasındakı Hanoy sammitindən sonra mövqeyini sərtləşdirdiyinə sübutdur.
Sammitdən öncə ABŞ rəsmiləri Şimali Koreyanın nüvə proqramından əl çəkməsi üçün mərhələləri yanaşma tərzi ilə razılaşdıqlarını bildirirdi.
Biqun deyib ki, Amerika Şimali Koreya nüvəsizləşmə prosesini başa vurmayınca, sanksiyaları ləğv etməyəcək. Pxenyan isə hər hansısa addım atmazdan öncə sanksiyaların ləğvini tələb edir.
Hanoy sammitindən sonra ABŞ rəsmiləri sanksiyaların uzadılacağı ilə hədələyib. Belə ki, satellit görüntüləri Pxenyanın raket sınağına hazırlaşa biləcəyini göstərib.
ABŞ-ın Milli İcitimai Radiosu (NPR) bu yaxınlarda bildirib ki, bəzi göstəricilər Şimali Koreyanın raket sınağı hazırlığı həyata keçirdiyinə işarə edir. Media qurumunun məlumatına görə, peyk fotolarının təhlili Pxenyan yaxınlığındakı Sanumdonq sahəsinində yük maşınları, vaqonlar və kranların olduğunu aşkar edib.