Accessibility links

Rusiyada koronavirusa ilk yoluxma halları təsdiqlənib


Rusiyada ilk dəfə koronavirusa yoluxan iki xəstə Zabaykal və Tümen bölgəsində müəyyən edilib. Bunlar Çin vətəndaşlarıdır.

Baş Nazir müavini Tatyana Qolikova bu haqda məlumat verib.

O əlavə edib ki, Rusiya koronavirus səbəbindən Monqolustan sərhədinin Rusiya ilə giriş-çıxışını məhdudlaşdırır və Rusiya vətəndaşlarının Çinin Uhan şəhərindən və Hubei bölgəsindən təxliyəsinə başlayır. Hainan adasındakı bütün ruslar fevralın 4-dək vətənlərinə qaytarılacaq.

Qolikovanın sözlərinə görə, hökumət Çin vətəndaşları üçün Rusiyaya iş vizalarının verilməsini müvəqqəti dayandırmaq üçün də layihə hazırlayır.

Yanvarın 30-da koronavirusun yayılması səbəbindən Rusiya ən azı 7 fevral tarixinə qədər Uzaq Şərqdə Çin ilə sərhədi bağlayıb: Xabarovsk ərazisində, eləcə də Amur və Yəhudi Muxtar bölgələrində. Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti hava limanlarında Çindən gələn bütün rus turistləri də araşdırır. Rusiya universitetlərində Çindən gələn tələbələr üçün tətillər martın 1-dək uzadılacaq.

Daha əvvəl Çin ilə sərhədlər Monqolustan, Qırğızıstan tərəfindən bağlanmışdı. Yanvarın 29-dan Qazaxıstan Çin ilə avtobus daşınmasını dayandırıb, fevralın 1-dən sərnişin qatarlarının, 3 fevraldan müntəzəm hava nəqliyyatının hərəkəti dayandırılacaq.

Avropa və ABŞ-ın bir neçə iri aviaşirkəti də Çin ilə hava əlaqəsini dayandırıb. Böyük Britaniya, Yaponiya, Hindistan və bir sıra digər ölkələr vətəndaşlarını Çindən təxliyə edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə iclasında yeni növ koronavirus səbəbi ilə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG