Accessibility links

AŞPA prezidenti Pedro Aqramunt səlahiyyətlərindən məhrum edildi


Pedro Aqramunt, AŞPA-nın korrupsiya ittihamları ilə üzləşən prezidenti
Pedro Aqramunt, AŞPA-nın korrupsiya ittihamları ilə üzləşən prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) lideri Pedro Aqramunt səlahiyyətlərindən məhrum edilib. Avropalı parlamentarlar bu misli görünməmiş addımı Aqramuntun Suriya diktatoru Bəşar Əl-Əsədlə görüşməsinin ardınca tutduğu ofisin adını ləkələməsi barədə ittihamların baş qaldırmasından sonra atıblar.

Guardian qəzetinin yazdığına görə assambleyanın 68 illik tarixində ilk dəfədir ki, onun prezidentinə etimadsızlıq göstərilir.

Prezident büro iclasına gəlməyib və istefa məktubu təqdim etməyib.

İspaniya senatoru yanvar ayında ikinci dönəm 1 illik müddətə prezident seçilmişdi. Lakin o vaxtdan bəri Pedro Aqramunt assambleyada korrupsiyanı ört-basdır və Rusiya hərbi təyyarəsində Dəməşqə səfər etdiyi üçün sərt ittihamlarla üzləşib.

AŞPA-nın yüksək rütbəli rəsmiləri razılaşıblar ki, Aqramunt prezident qismində istənilən bəyanat vermək və rəsmi səfərlər etmək hüququndan məhrum edilsin.

Britaniyanın məşhur baş naziri Vinston Çörçillin II Dünya Müharibəsindən sonra əsasını qoyduğu assambleyada impiçment proseduru yoxdur.

Pedro Aqramunt Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşür.
Pedro Aqramunt Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşür.

Aqramunt isə istefa verməkdən imtina edərək öz gələcəyini müzakirə etmək üçün diskussiyalara qatılmayıb.

“Prezident büro iclasına gəlməyib və istefa məktubu təqdim etməyib. Nəticədə hazırkı prosedur qaydaları çərçivəsində ki, - biz onu istefa verdirə bilmərik - büro bu addımı atmaq məcburiyyətində qaldı," deyə Britaniya Mühafizəkarlar Partiyasının nümayəndəsi Ser Rocer Geyl bildirib.

Aqramunt isə hələ ki, istefa vermək niyyətində olmadığını nümayiş etdirir. Onun adından jurnalistlər arasında yayılan bəyanatda korrupsiya ittihamları ilə üzləşən ispaniyalı rəsmi ona qarşı yönələn prosesi “məzhəkə” adlandırıb.


AZƏRBAYCAN BUCAĞI

Guardian qəzetinin yazdığına görə İlham Əliyev hökumətinin qurumda Azərbaycanın insan haqları göstəriciləri ilə bağlı səsverməyə müdaxilə etmək üçün Avropa Şurası deputatlarına rüşvət verməsi haqda iddialar qurumun reputasiyasını ciddi zərbə altına qoyub.

AŞPA-nın İsveçdən olan nümayəndəsi və həmin ölkənin sabiq ədliyyə naziri Tobias Billstrom qurumun “mötəbər üzvlərinə” rüşvət təklif olunduğunu təsdiq edib.

Billstrom rüşvət ittihamları ilə bağlı dərhal istintaqa başlanılmasına çağıran 64 deputat sırasındadır.

AŞPA-nın İsveçdən olan nümayəndəsi Tobias Billstrom qurumun “mötəbər üzvlərinə” Azərbaycan hökuməti tərəfindən rüşvət təklif olunduğunu təsdiq edib.

İllərdir ki, Azərbaycanın “kürü diplomatiyası” haqda ittihamlar dolaşır.

Bu ittihamları ilk dəfə diqqət mərkəzinə Avropada Stabillik Təşəbbüsü gətirib.

İtaliyalı millət vəkili Luka Volontenin rüşvət almasına dair cinayət işi başlandıqdan sonra isə məsələ aktual xarakter alıb.

Volonte İlham Əliyev hökumətindən 2.39 avro rüşvət almaqda ittiham olunur. Bunun müqabilində o, Azərbaycan hökumətinin mövqeyini Avropa Şurasında dəstəkləyib.

Guardian qəzetinin yazdığına görə, Assambleyanın prezidenti Pedro Aqramunta təzyiqlər xeyli müddətdr ki, artmaqdadır.

Azərbaycan hökuməti ilə isti münasibətləri olan ispaniyalı millət vəkilinə aydın edilib ki, korrupsiya ittihamları ilə bağlı hərtərəfli təhqiqat Avropa Şurasının reputasiyası üçün olduqca vacibdir.

Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland Pedro Aqramuntu ciddi şəkildə korrupsiya ittihamlarını təhqiq etməyə çağırıb.
Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland Pedro Aqramuntu ciddi şəkildə korrupsiya ittihamlarını təhqiq etməyə çağırıb.

Guardian yazır ki, Azərbaycan hökumətinin bu rüşvəti verməkdə məqsədi İlham Əliyevin avtoritar hökumətinə legitimlik donu geyindirmək olub.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland misli görünməmiş müraciətdə Aqramuntu “yubadılmadan təhqiqat aparacaq müstəqil qurumun” yaranmasına şərait yaratmağa çağırıb.

"Cənab Aqramunt siyasi liderlərlə müşavirələr aparmayıb və onların işlərinə müdaxilə etməyəcək,” deyə AŞPA prezidentinin sözçüsü bildirib. Onun sözlərinə görə, assambleyanın “belə bir təhqiqat aparmağa səlahiyyəti çatmır.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG