Accessibility links

İsmayıllı rayon prokuroru vəzifədən azad edilib, böyük köməkçisi həbs edilib


Baş prokurorluq

Baş prokuror külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlayıb

İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyev həbs edilib. O, külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Faiq Quliyev “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyulda Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

“F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb”, Mətbuat Xidmətinin məlumatında deyilir.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlamadan sonra İsmayıllı rayon prokuroru Ülvi Abbasov tutduğu vəzifədən, Faiq Quliyev isə prokurorluq orqanlarından xaric edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG