Accessibility links

Korrupsiyada günahlandırılan məmurun vaxtından əvvəl azadlığa buraxılması tənqidlərə səbəb olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının keçmiş rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Bu qərarı Sabunçu Rayon Məhkəməsi qəbul edib. Məhkəmə Zeynalovun azadlığa buraxılmasına səbəb kimi cəzasının 4/5 hissəsini çəkdiyini əsas gətirib.

Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Baş Prokurorluğun məlumatından sitat

2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevn sədirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham edilib.

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub, saxta sənədlərin tərtib edilməsi yolu ilə ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

13 il iş vermişdilər. Hökmdə dövlətə 73 milyondan çox ziyan vurduğu göstərilirdi. Budur artıq azadlıqdadır. Korrupsiyaya qarşı mübarizə aparanlar isə türmədədir.
Natiq Adilov, AXCP fəalı

2017-ci ilin noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə sabiq aparat rəhbəri Vidadi Zeynalovun cəzasını 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzasını 7 il 6 aya endirib. “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar. Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

Vidadi Zeynalovun azadlığa buraxılması sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Belə ki, statuslarda ağır cinayətlərdə, o cümlədən qanunsuz həbsetmədə, külli miqdarda rüşvət alamqda günahlandırılan keçmiş Milli Təhlükəsizlik Nazirliynin 12 il həbsə məhkum edilmiş generalı Akif Covdarovun `nə vaxt azadlığa buraxılacağı` ilə bağlı hökumətə ironik sullar da yer alır.

“Akif Çovdarovu nə vaxt buraxırlar?” hüquqşünas Rəşid Hacılı hökumətdən sual edir.

Hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan AXCP fəalı Murad Adilovun hazırda mühacirtədə olan AXCP sədrinin mətbuat katibi olan qardaşı Natiq Adilov Facebook səhifəsində yazır ki, azadlığa buraxılan Vidadi Zeynalov dövlətə 73 milyon ziyan vurub.

“Bu cənab 2015-də “Rabitə işinə” görə tutulmuşdu. 13 il iş vermişdilər. Hökmdə dövlətə 73 milyondan çox ziyan vurduğu göstərilirdi. Budur artıq azadlıqdadır. Korrupsiyaya qarşı mübarizə aparanlar isə türmədədir,” o, ironiya ilə hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərə işarə edir.

AXCP sədri Əli Kərimli sula edir ki, Vidadi Zeynalovu azadlığa buraxan hökumət korrupsiyaya qarşı mübarizə apara bilərmi?

Özünüz fikirləşin də, adam nazirə aylıq paket verirsə, haqq-hesabı kiminlə edirmiş?
Əli Kərimli, AXCP sədri

“Dövlətə 73 milyon manatdan çox zərər vurmuş, 13 il müddətinə azadlıqdan məhrum edilmiş Vidadi Zeynalovun - Rabitə Nazirliyinin aparat rəhbərinin üçcə ildən sonra azadlığa çıxmasına təəccüblənən dostlar, siz onun kim olduğunu unutmusunuz? Yox, Vidadi Zeynalov haqda mən də çox şey bilmirəm. Ancaq məhkəmə materiallarından məlum oldu ki, o, nazirə ayda 300 min manat paket vermiş bir adamdır. Təkcə bu fakt göstərir ki, Vidadi Zeynalovun himayəsi ən yüksək səviyyədə olub. Özünüz fikirləşin də, adam nazirə aylıq paket verirsə, haqq-hesabı kiminlə edirmiş? Bu ölkədə bu hakimiyyət qaldıqca hansı korrupsiya ilə mübarizədən söhbət gedə bilər? Görünür Vidadi Zeynalov hesabat işlərində bəzi səhvlərə yol veribmiş, indi səhvini başa düşüb,” Əli Kərimli ironiya ilə yazıb.

Jurnalist Natiq Cavadlı Facebook səhifəsində yazır ki, jurnalistlər həbsdə saxlanılır, Vidadi Zeynalov azadlıqdadır.

“Korrupsiyada ittiham olunasan və 13 il azadlıqdan məhrum ediləsən. Ardınca apellyasiya məhkəməsi cəzanı 4 ilə endirə. Bəs, niyə azadlığa çıxmağına 1,2 il qalmış Əliabbas Rüstəmov (hüquq müdafiəçisi), yaxud Seymur Həzi (jurnalist) həbsdə saxlanılır? Bu sualların cavabını bilməmək naşılıq olardı.
Azərbaycanda ədalətsizlik tüğyan edir, məhkəmə yoxdur, hər şeyi bir nəfərin baxışı həll edir,” Cavadlı yazıb.

XS
SM
MD
LG