Accessibility links

AYİB Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün 50 milyon avro ayırır


AYİB tərəfdaş maliyyə təşkilatları vasitəsilə qadınlar tərəfindən idarə edilən kiçik və orta sahibkarlıq fəaliyyətlərinə borc vermək məqsədilə regiona yönəldilən kredit xətləri üçün 50 milyon avrodan artıq vəsait ayıracaq. Buna tərəfdaş banklara risklərin yüngülləşdirilməsi üçün maliyyə vəsaitlərinin və texniki yardımın, eləcə də qadın sahibkarlara biznes tövsiyələrinin, təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün 9 milyon avro məbləğində donor fondu də əlavə olunur. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatında deyilir.

Məlumatda deyilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, əsas maliyyə anlayışlarını başa düşmək və bizneslərini böyütmək istəyən qadın sahibkarlar üçün təlim sessiyaları keçirməkdə davam edir.

“Biz qadın sahibkarların yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək baxımından çox mühüm rola malik olduğuna inanırıq. Qadın sahibkarları dəstəkləmək AYİB-in Azərbaycanda və regionda nəzərdə tutduğu prioritet istiqamətlərdən biridir. AYİB komandası Bakıda "Sahibkarlıqdan müəssisəyə doğru" seminarını təşkil etməyə müvəffəq olduğu və konsultativ layihələr, eləcə də sahibkarlığın inkişafı baxımından iştirakçılara kömək edə bildiyi üçün məmnunluq hissi duyur”, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte bildirib.

2015-ci ildə start verilən proqrama bu günədək regionda 500-dən artıq qadın sahibkar cəlb edilib.

Bu AYİB regionda həyata keçirdiyi “EU4Business” təşəbbüsü çərçivəsində Avropa İttifaqı, eləcə də İsveç və Erkən Keçid Dövründə Olan Ölkələr Fondu tərəfindən maliyyələşdirilən "İş Qadınları" proqramının bir hissəsidir.

AYİB bu il mayın 17-18-də“Sahibkarlıqdan müəssisəyə doğru” seminarı da keçirəcək. Seminar Aİ və İsveçin maliyyə dəstəyi ilə azərbaycanlı qadın sahibkarlara biznes bacarıqlarını inkişaf etdirmək və maliyyə əldə etmək məqsədi ilə keçirilir.

XS
SM
MD
LG