Accessibility links

Xırdalan şəhərində öldürülən şəxslərin zərərsizləşdirildiyi yerdən silah-sursat tapılıb


Baş prokurorluq

Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib. Bu barədə Abşeron rayon Prokurorluğunun məlumatında deyilir.

Məlumatda bildirilir ki, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, oktyabrın 25-də keçirilən əməliyyat zamanı dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş Azərbaycan vətəndaşları “Abdullah” ləqəbli Bəxtiyar Ələkbərov, “Əbu-Yunis” ləqəbli Anar Məsimli, “Əbu-Vakkaz” ləqəbli Cavid Hüseynli silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilib.

DTX-nin məlumatında deyilir ki, həmin şəxslər ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlibmiş.

Xatırladaq ki, Milli Şura oktyabrın 28-də keçmiş Məhsul stadionunda mitinq keçirəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG