Accessibility links

İran polisi Əhər şəhərində kriptovalyuta mayninqi ilə əlaqədar 3 nəfəri həbs edib


İranın polis qüvvələri Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kriptovalyuta mayninqi üçün istifadə edilən 37 kompüter təchizatı aşkar edib.

Əhər polis komandiri polkovnik Qudrət Ağapur bazar günü bu barədə məlumat verib.

“Şəhərdə qanunsuz kriptovalyuta çıxarıldığına dair məlumat aldıqdan sonra polis qüvvələrimiz məhkəmə qurumu ilə koordinasiyalı bir şəkildə 37 ədəd kriptovalyuta mayninq cihazını ələ keçirməyə müvəffəq olub,” polkovnik söyləyib.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, “polis əməliyyatı sırasında nəzarət altına alınan üç nəfər qanunsuz cihazlar ilə birlikdə məhkəmə qurumunu təsilm edilib.”

Şərqi Azərbaycan vilayəti polis idarəsinin açıqlamasında qeyd edilib ki, “qanunsuz kriptovalyuta çıxarılması üçün istifadə edilən cihazlar həddindən artıq elektrik istehlak edərək, ölkə iqtisadiyyatına zərər verməklə yanaşı, elektrik kəsintiləri və əhalinin işinə ziyan vurulmasına səbəb olurlar.”

Keçən həftələrdə İran Azərbaycanının Urmiyə, Marağa, Sayınqala, Xoy, Mahabad (Savcbulaq) və Qoşaçay kimi şəhərləri daxil olmaqla, İranın bir çox bölgəsində həyata keçirilən polis hücumları nəticəsində minlərlə kriptovalyuta çıxarma cihazı ələ keçirilib, bir çox vətəndaş nəzarət altına alınıb.

İranda dövlətə bağlı bəzi qurumlar, o cümlədən İslam İnqilabı Qvardiyasının (Sepah) da kriptovalyutalar çıxarmaq üçün geniş fəaliyyət yürütdükləri bildirilir.

XS
SM
MD
LG