İllinoys ştatındakı qarğıdalı və lobya sahələri Kubadan çox uzaq olsa da, fermer Vendel Şauman diplomatik əlaqələrin normallaşmasını alqışlayır.
O tezliklə iqtisadi embarqonun qaldırılacağına ümid edir.
Vendel Şauman: “Bu əlbəttə ki kənd təsərrüfatı üçün yaxşıdır. Bu, bizim bazar üçün yaxşıdır. Nəqliyyat xərcləri daha azdır. Bizdə onların ehtiyacı olan mallar var.”
Şauman deyir ki, Kuba mallar üçün onlara kredit verə biləcək digər istehsalçılar da axtarır.
Vendel Şauman: “Rəqabət artır. Əsasən də Cənubi Amerika, həmçinin Ukrayna və bəzən də Hindistanla. Böyük rəqabət var və bazar sizə yaxındırsa, siz bundan faydalanmaq istəyirsiz.”
Şaumanın məhsullarının böyük hissəsi Missisipi çayı vasitəsilə Luizianada yerləşən Nyu Orlean şəhərinin limanına daşınır.
Qari Laqrang: “Embarqo qalxdıqdan sonra, biz biznesin həcminin 10-15 faiz artacağını təxmin edirik. Birləşmiş Ştatlarda 5-6 ən mühüm limandan biri olduğumuz nəzərə alınsa, bu, çox əhəmiyyətli artımdır.”
İxracat təkcə ABŞ-dan deyil, Kubanın özündən də artacaq.
Qari Laqrang: “Embarqoya qədər Kubanın ən böyük ticari partnyoru Nyu Orleans limanı idi. O vaxt Kubadan böyük həcmdə şəkər, qəhvə idxal olunurdu. Biz həmin vaxta qyıdacağımıza ümid edirik.”
Buş administrasiyası dövrü Dövlət Departamentinin rəsmisi olmuş Roger Noriega embarqonun qaldırılmasına qarşı çıxanlar arasındadır. O, Kubanın hələ də kommunist ölkə olaraq qaldığını deyir.
Roger Noriega: “Bu ticarətdən əldə etdiyi gəlirləri insanları təziq altında saxlamaq üçün istifadə edən rejimlə iş görmək deməkdir. Mən düşünmürəm ki, bu insanların etmək istədiyi şeydir.”
Ancaq Vendel Şauman deyir ki, soyuq müharibə dövrünün düşmənçiliyi keçmişdə qalır.
Vendel Şauman: “Biz buna bazar olaraq baxırıq. 50 il bundan əvvəl oradan qaçan insanlara bir rəğbət hissi var, amma bu, dünyanın hər yerində baş verə bilər və biz burada, İllinoysda bununla bağlı çox iş görə bilmərik.”
Embarqonun qaldırılması ilə kənd təssərufatı ekspertləri 2020-ci ilədək Kubaya ABŞ ixracatının 3 dəfə artacağını gözləyir. Bu, ABŞ-da minlərlə yeni iş yerinin açılması və ABŞ fermerləri üçün bazarın genişlənməsi deməkdir.