BMT-nin Baş Assambleyası ABŞ-ın Kubaya tətbiq etdiyi 50 illik embarqoya son qoyulmasına demək olar yekdilliklə səs verib.
Baş Assambleyanın 191 üzvü Vaşinqtonu soyuq müharibə dövründə Kubaya tətbiq etdiyi ölçülərə son qoymağa çağırıb. Yalnız ABŞ və İsrail bunun əleyhinə səs verib.
ABŞ-ın BMT-yə səfirinin müavini Ron Qoddard deyib ki, səsvermələrin nəticələri prosesin gedişinə təsir etməyəcək.
Ötən ilin dekabr ayında prezident Barak Obama Kuba ilə diplomatik əlaqələrin tam bərpası haqda qərar verib.
O həm də səfərlərə bəzi məhdudiyyətləri yüngülləşdirib. Lakin 56 illik embarqo yalnız ABŞ Konqresi tərəfindən aradan qaldırıla bilər.
Kubanın xarici işlər naziri Bruno Rodriqez Parilla səsvermələrdən sonra ABŞ-ı embarqonu ləğv etməyə çağırıb.
Cənab Qoddard deyib ki, ABŞ və Kuba rəsmiləri hüquq-mühafizə, narkotik maddələr və insan alveri, habelə iqlim dəyişikliyi ilə bağlı bir sıra məsələləri müzakirə etmək üçün Havanada görüş keçirib.
Qoddard Assambleyaya deyib ki, ABŞ-Kuba münasibətlərinin tam normallaşması üçün hər iki tərəfin uzun illər ciddi və davamlı çalışması gərəkdir.