Accessibility links

“Küçə itlərinin öldürülməsi problemin həlli deyil” [Video]


“Mən azərbaycanlı qaçqınam və mən dişləmirəm.” Üzərində bu sözlər yazılmış itin fotosu ilin əvvəli Nyu Yorkda anti-mühacir ritorikasına etiraz olaraq keçirilən böyük mitinqdə çəkilib. Bu foto, etirazda iştirak edən digər itlərin fotoları ilə birlikdə sosial şəbəkələrdə geniş paylaşılmışdı.

Bakı küçələrindən xilas edilərək Nyu Yorklu ailə tərəfindən himayəyə götürülən bu itə doğulduğu yerə uyğun olaraq Baku adı qoyulub. O, xaricilər tərəfindən sahibləndirilən, ABŞ, Britaniya, Almaniya və Fransa kimi ölkələrə, yeni ailələrinin yanına köçən yüzlərlə Bakı küçə itlərindən biridir.

Bu humanist işi görən “Baku Street Dog Rescue” qrupu iki ilə yaxındır ki, fəaliyyət göstərir. Qrupun könüllülərindən biri olan Xəyal Sadiq deyir ki, onların missiyası itləri xilas etdikdən sonra, reabilitasiya edib, yeni ailələrinə qovuşdurmaqdır.

“İdeyanın özü yaranıb 2015-ci ildə. Azərbaycanda işləyən bir neçə əcnəbi şəxs ölkədə küçə itlərinin vəziyyəti ilə bağlı narahatlıq keçirdirdilər. Biz də əhatələrində olan adamlar idik. O zaman belə qərara gəldik ki, yığılaq bir yerə və sistemli şəkildə bunu təşkil edək. O vaxtdan bu yana təxminən iki ilə yaxın müddətdə orta hesabla 300-ə yaxın Bakı küçə iti xilas etmişik.”

Xəyalın dediyinə görə, heç bir infrasturktura sahib olmamalarına baxmayaraq, onlar bacardıqları qədər iti xilas etməyə çalışırlar. Bu işin icrasında onlar, müxtəlif ödənişli xidmətlərdən, könüllülərin sərf etdiyi vaxtdan və itləri müvəqqəti himayə edən insanların köməyindən istifadə edirlər.

“Xilas etdiyimiz itlərin əksəriyyətinin tibbi müalicəyə ehtiyacları olur. Təbii ki, peyvəndə ehtiyac olur. Bir çoxları çox ağır şəraitdə olur. Onları xilas edirik. Bəzi hallarda Bakıda olan bəzi qeyri-rəsmi sığınacaqlardan da ağır şəraitdə olan itləri xilas etmişik.”

Qrupun könüllüsünün sözlərinə görə, küçə itləri problemi ilə mübarizədə itlərin öldürülməsi həm yolverilməz, həm də səmərəsizdir. Belə ki, bu həm qeyri-insanidir, həm də küçə itlərin sayının artmasının qarşısını almır. Onun sözlərinə görə, mövcud reallığı nəzərə alaraq, ən düzgün yanaşma küçə itlərini tutmaq, qısırlaşdırmaq və yenidən küçəyə qaytarmaqdır.

“O cür yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, həmin proqramı etdikdən sonra itlərin nəsil artırması prosesini nəzarətdə saxlamaq mümkün olur.”

Xəyal deyir ki, onların əsas çətinliyi insanların küçə itlərindən əsassız qorxularıdır. O hesab edir ki, ehtiyac duyulan dəstəkdən sonra itlər onları himayəyə götürən ailəyə asanlıqla uyğunlaşa, onların ən yaxın dostları ola bilərlər. Nyu York aksiyasında iştirak edən Baku və ya sahibləri ilə Amerikanın hər bir tərəfinə səfər edərək İnstaqramda fotoları paylaşılan Karmella adlı itlər kimi.

XS
SM
MD
LG