Accessibility links

Kür daşqınının nəticələri tam aradan qaldırılmayıb


Kür daşqınının nəticələri tam aradan qaldırılmayıb
Kür daşqınının nəticələri tam aradan qaldırılmayıb

Daşqın nəticəsində 100 min hektar torpaq və 20 min ev su altında qalıb. Hökumət 300 milyon manat ayrılmasına baxmayaraq, ölkənin 10 mərkəzi rayonunda problemlər həll edilməmiş qalır. İndiyədək 2401 ev tikilib.

Bu gün Bakıda “Kür daşqını - 2010: ötən ilə baxış” mövzusunda keçirilən ikinci forumda daşqının vurduğu ziyanın aradan qaldırılmasının nəticələri, mövcud problemlər və həlli yolları müzakirə olunub.
“Kür” vətəndaş cəmiyyəti qərargahı tərəfindən təşkil olunmuş tədbirdə zərərçəkmiş rayonların sakinləri, Fövqəladə Hallar Nazirliyinin, Su və Meliorasiya Təsərrüfatı Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak edib.

“Daşqından keçən bir il ərzində hökumət 300 milyon manat ayrılmasına baxmayaraq, ölkənin 10 mərkəzi rayonunda problemlər həll edilməmiş qalır”, - deyə qərargahın koordinatoru Oqtay Gülalıyev bildirib.
Həll edilməmiş məsələlərə üç blok daxildir: mənzil və infrastrukturun bərpası, birdəfəlik kompensasiyaların verilməsi, fermer təsərrüfatlarına yardım.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizlik Agentliyinin rəis müavini Elxan Əsədov müəyyən çətinliklər olduğunu etiraf edib, görülmüş işlərlə yanaşı daşqının nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması üçün əlavə addımlar atıldığını bildirib. ”Nəzərdə tutulan 2714 evdən 2401-i artıq tikilib, 20 mln. manatdan çox müxtəlif növ kompensasiyalar verilib”, - deyə o qeyd edib.
Bi sıra ekspertlər iddia edir ki, su balansı düzgün idarə olunsaydı daşqın baş verməzdi. Yazda suların daşan vaxtı Mingəçevir su anbarında suyun səviyyəsi normadan çox olub. Digər tərəfdən, Kür çayının deltası vaxtlı-vaxtında təmizlənmədiyi üçün lil basıb. Bütün bunlar çayın daşmasına gətirib çıxarıb və nəticədə 100 min hektar torpaq və 20 min ev su altında qalıb.
Cənab Əsədov və Su və Meliorasiya Təsərrüfatı ASC-nin nümayəndəsi Əbdülrəhman Hacıyev bildirib ki, ötən ilin təcrübəsi nəzərə alınmaqla, Mingəçevir su anbarı güclü nəzarət altına götürülüb, Kür çayına isə çay yatağını təmizləyəcək kiçik gəmilər göndərmək nəzərdə tutulur. Bununla yanaşı, Hollandiya mütəxəssisləri ilə Azərbaycanın su resurslarının idarə edilməsi üzrə tədbirlər planı hazırlanır.
Zərər çəkmiş rayonların forumda çıxış edən nümayəndələri daha çox kompensasiyaların verilməməsi, evlərin tikilməməsi və yardımın ədalətsiz bölünməsinin səbəbləri ilə maraqlanıb. Bu barədə vətəndaş sektorunun nümayəndələri də danışıb, korrupsiya faktları və dövlət qurumlarının qeyri-şəffaflığı haqqında məlumatlar verib.

Saatlı rayon sakini, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Lazım Umudov Amerikanın Səsi radiosunun müxbirinə müsahibə verib. Amerikanın Səsi radiosunun müxbiri regionda olarkən yağan yağış nəticəsində rayonda sel sularının ərazini yuduğunun şahidi olub. “Küt çayında bəndləri hündürləşdirirlər, amma əkin torpaqları və yaşayış evləri çayın yatağından bir neçə metr aşağıda qalıb. İstər-istəməz çayın suyu və yağış suları əkin sahələrinə və yaşayış evlərinə axır. Yağış yağan kimi evlər qrunt sularının altında qalır”, - deyə o qeyd edib.

Cənab Umudov hesab edir ki, hökumətin apardığı işlər regionu növbəti sel sularının altında qalmaqdan xilas etməyib. “Nə qədər ki, Kür çayı üzərindəki süni göllərə nəzarət ciddi xarakter almayıb, çayın yatağı və deltası lildən təmizlənməyib təhlükə sovuşmayıb.”

O regionun inkişafı üçün dövlət proqramının qəbul edilməsini vacib sayır. “Mərkəzi Aran iqtisadi rayonunun cənub hissəsi, xüsusilə Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında sosial infrastrukturlar tamamilə köhnəlib. Regionda magistral yol keçmiş Sovet dövründə əsaslı təmir edilib. Son 30 ildə bu yollarda əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Kənd arası yolların vəziyyəti isə daha acınacaqlıdır”, - deyə qeyd edib.

Lazım Umudov Kür çayı boyunca yaşayan insanların tarixən əkinçiliklə məşğul olduğunu bildirib. “20 il öncə Kür zonası Azərbaycanda istehsal olunan bütün tərəvəzin 33 faizini becərirdi. İndiki isə torpaqlar ya əkilmir, ya da şor sularından təmizlənmədiyindən məhsuldarlıq azalıb. Əkin sahələrindəki kollektorların əksəriyyəti dolduğundan qrunt sularını təmizləyə bilmir. Suvarma sistemi isə yenidən qurulmalıdır”.
Kür forumunun yekun sənədində də şəffaflığın təmin edilməsi, cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılması, vətəndaş sektoru nümayəndələrinin daşqının nəticələrinin aradan qaldırılması üzrə dövlət komissiyasının fəaliyyətində iştirakı, Kürətrafı zonanın inkişafı üzrə xüsusi dövlət proqramının hazırlanması haqqında məsələlər yer alıb.

XS
SM
MD
LG