Accessibility links

Kyiv məhkəməsi Poroşenkonu həbs etməyib


Ukraynanın “Qrata” nəşri xəbər verir ki, Kyivin Peçersk Məhkəməsi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu dövlətə xəyanət ittihamı ilə həbs etməyib, məhkəmə, müstəntiq və prokuror qarşısına çıxmaq öhdəliyi ilə azadlığa buraxıb. Həmçinin, sabiq prezidentə xarici pasportlarını təhvil vermək öhdəliyi qoyulub.

Prokurorluq Poroşenkonun iki ay müddətinə həbs edilməsini istəyib. Alternativ olaraq onun 1 milyard qriven (35,3 milyon dollardan çox) məbləğində girov müqabilində azadlığa buraxılması təklif edilib. Nəzarət orqanı ondan elektron qolbaq taxmağı və xarici pasportlarını təhvil verməyi də xahiş edib.

Bundan əvvəl Kyivin Peçersk Məhkəməsi Poroşenkonun bütün əmlakına, o cümlədən mənzillərinə, torpaq sahələrinə və özəl şirkətlərdəki paylarına həbs qoyub. Bunda Rusiyayönümlü separatçılar tərəfindən işğal olunmuş Donbasın rayonlarından qeyri-qanuni kömür tədarükü işində Poroşenkonu vətənə xəyanətdə və terrora kömək etməkdə şübhəli bilən Ukrayna prokurorluğu təkid edib.

Məhkəmə işinin başlanmasından sonra Poroşenko ölkəni tərk edib, lakin dərhal bunun işgüzar səfər olduğunu və tezliklə qayıdacağını bildirib. Hazırda müxalif Avropa Həmrəyliyi Partiyasına rəhbərlik edən Poroşenko işi siyasi hesab edir və hakimiyyəti Rusiya təhlükəsinə lazımi diqqət yetirməməklə yanaşı, rəqiblərini sıxışdırmaqda ittiham edir. Poroşenko Kyivə yanvarın 17-də gedib. Hava limanında onu yüzlərlə tərəfdarı qarşılayıb.

XS
SM
MD
LG