Accessibility links

Los Anceles olimpiyadası digərlərin səhvlərini təkrarlamayacaq [Video]


Los Anceles 2028 Olimpiya oyunlarını keçirməyə hazırlaşır. Digər ölkələrin yaşadığı problemləri yaşamamaq üçün şəhər mövcud idman obyektlərini istifadə etməklə yüksək xərcləri aradan qaldıracaq. Bu yanaşma nəinki xərclərin az olmasına səbəb olacaq, həm də şəhər üçün böyük gəlir əldə etmək imkanı verəcək.

10 yaşlı Aleksa Kastro doğma şəhərində keçiriləcək 2028 Olimpiya oyunlarında iştirak etməyi arzulayır. Bunun üçün nə qədər çalışmalı olduğunu anlayır.

“Daha çox məşqlər. Daha çox sürət. Xeyli məşq etmək lazımdır. Bəli.”

Aleksa digər Olimpiya oyunlarından qalan mirasdan faydalanır. Bu tələbələr üçün keçirilən velotrek məşqləri 1984-cü il Los Anceles Olimpiya oyunları fondundan alınan qrant sayəsində mümkün olub. Məşqlərə ayrılan vəsait həmin olimpiya oyunlarından əldə edilən gəlirlərdən gəlib.

“1984-cü ilin olimpiya oyunlarından əldə edilən gəlir o ana qədər və yəgin ki, o zamandan bəri görünməmiş səviyyədə idi. Bu qədər gəlir əldə edilməsinin əsas səbəbi o idi ki, şəhər oyunlar üçün çox az yeni yer tikdi. Demək olar ki, bütün idman obyektləri artıq mövcud idi.”

Eyni model 2028-ci il oyunları üçün də nəzərdə tutulur.

“Olimpiya oyunları üçün plan şəhərə müvafiq hazırlanıb. Biz şəhəri olimpiya və paralimpiya oyunlarına uyğunlaşdırmağa cəhd etmədik.”

Bu isə 2028 olimpiya oyunları üçün mövcud binaların və obyektlərin istifadə edilməsi deməkdir. Belə binalardan biri Kolizeydir. Onun müasirləşdirilməsi üçün lazım olan bir neçə milyonluq vəsait obyektin sahibi Cənubi Kaliforniya Universiteti tərəfindən ödənilib.

“Şəhərlər müxtəlif növ yeni obyektlərin tikintisi ilə olimpiya komitəsini heyran etməyə cəhd göstərirlər. Amma düşünürəm ki, beynəlxalq olimpiya komitəsi son illərdə anlayıb ki, bu əksinə problem yaradır. Hər kəs xüsusi olaraq oyunlar üçün tikilən müasir stadionların sonradan istifadə edilməməsi problemindən xəbərdardır. Komitə müraciət edən şəhərlərə çatdırmağa çalışır, bu cür yanaşmaya ehtiyac yoxdur.”

Los Anceles Olimpiya oyunlarını keçirmək üçün Beynəlxalq Olimpiya Komitəsindən maliyyə dəstəyi alacaq. Bura gənclər idman proqramı üçün 10 il müddətində öncədən ödənilən 160 milyon dollar da daxildir.

Los Anceles 84 Fondunun rəhbəri Renata Simril deyir ki, idman gənclərə əhəmiyyətli həyat bacırıqları öyrədə bilər.

“Komanda oyunları ilə məşğul olanda fərdi bacarıqlar üzərində çalışırsan, amma həm də komandaya hörmət etməyi də öyrənirsən. Vaxtında olmağı öyrənirsən. Ağır işi öyrənirsən. Digərinə hörmət edərək qalib gəlməyi, məğlubiyyəti isə normal qarşılamağı öyrənirsən. Öz zəif xüsusiyyətlərin üzərində çalışmağı və daha güclü olmağı öyrənirsən.”

Aleksa üçün velosiped sürmək yaxşı motivasiyadır. Televizora baxmaq əvəzinə...

“Ev tapşırıqlarımı tez bitirib dərhal bura gəlirəm.”

Aleksa deyir ki, həftədə üç dəfə məşq etməyə davam edəcək və ümid edəcək ki, 2028-ci ildə Los Ancelesdə keçiriləcək olimpiya oyunlarında iştrak edə biləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG