Accessibility links

Britaniya deyir ki, Rusiya daha çox müdafiə xarakterli əməliyyatlar həyata keçirə bilər


Baxmut yaxınlığında Ukrayna hərbçisi. 24 mart, 2023.
Baxmut yaxınlığında Ukrayna hərbçisi. 24 mart, 2023.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, Rusiya Ukraynada apardığı kampaniyasında “2023-cü ilin yanvarından bəri ümumi hücum cəhdlərinin qeyri-müəyyən nəticələrindən sonra” çox güman ki, “daha müdafiə xarakterli əməliyyat dizaynı həyata keçirir.”

Ukrayna qüvvələri geri çəkilmək əvəzinə Baxmuta daha da yaxınlaşıblar. Bəzi Qərb hərbi ekspertləri deyir ki, bu taktika riskli ola bilər, çünki ukraynalılar qüvvələrini əks-hücuma saxlamalıdırlar.

Ancaq Britaniya nazirliyinin bildirdiyinə görə, Rusiyanın Baxmuta hücumu “Rusiya qüvvələrinin qüvvələrinin həddindən artıq aşınması nəticəsində böyük ölçüdə dayanıb.”

Bu arada isə Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, çoxu yaşlı və ya əlil olan 10,000-ə yaxın ukraynalı mülki şəxs Baxmut və ətraf qəsəbələrdə ağır şəraitdə ilişib qalıb.

“Onlar çox ağır şəraitdə yaşayırlar, demək olar ki, bütün günləri [yeraltı] sığınacaqlarda intensiv atəş altında keçir," Beynəlxalq Qırmızı Xaç Komitəsindən Umar Xan Ukraynanın Dnipro şəhərindən video ilə qatıldığı mətbuat brifinqində deyib.

Birləşmiş Millətlər Təşkilatı müharibədə insan hüquqları pozuntuları ilə bağlı ən son hesabatında minlərlə mülki vətəndaşın, xüsusilə də Rusiyaın işğal etdiyi ərazilərdəki ukraynalıların öldüyünü, itdiyini, işgəncə və zorlamaya məruz qaldığını təsdiqləyib. Rusiya “xüsusi hərbi əməliyyatı”nda vəhşiliklər törətdiyini inkar edir.

ABŞ-da hər iki partiyadan senatorlar cümə günü Bayden administrasiyasını Rusiya Prezidenti Vladimir Putinə qarşı hərbi cinayətlər ittihamları irəli sürən Beynəlxalq Cinayət Məhkəməsinə yardım edəcək məlumatları paylaşmağa çağırıb.

Demokratlar Dik Durbin, Bob Menendez, Riçard Blumental və Şeldon Vaythaus, habelə Respublikaçılar Lidsi Qraham və Tom Tillisin Prezident Co Bayden ünvanladıqları məktubda bildirilir ki, Konqres administrasiyaya Beynəlxalq Cinayət Məhkəməsinə yardım etməkdə daha sərbəst olmağa imkan verən qanun layihəsini təsdiq edib.

Birləşmiş Ştatkar Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmasa da, Bayden ötən həftə deyib ki, aydındır ki, Putin müharibə cinayətləri törədib və əlavə edib ki, BCM-nin həbs orderi əsaslandırılıb.

Məhkəmə ötən həftə Putinin həbsi barədə həbs orderi verərək, onu yüzlərlə uşağı qanunsuz şəkildə Ukraynadan çıxarmaqla müharibə cinayəti törətməkdə günahlandırıb. Bu qanuni addım 123 üzv ölkəni Putin həmin ölkələrə ayaq basdığı an həbs edərək, mühakimə olunmaq üçün Haaqaya transfer etməyə məcbur edir.

XS
SM
MD
LG