Latviyanın Rusiyadakı səfirliyi Rusiya vətəndaşları üçün viza müraciətlərinin qəbulunu qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.
Yaxın qohumunun dəfnində iştirak etməli olanlar üçün istisna olacaq.
2022-ci ilin aprel ayının əvvəlində Latviya Rusiya və Belarus vətəndaşlarına ölkə iqtisadiyyatına investisiya etmək üçün yaşayış icazəsi almağı qadağan edib. Eləcə də 2023-cü il iyunun 30-dək ilkin müvəqqəti yaşayış icazələrinin verilməsini dayandırıb.
Qanun ilkin yaşayış icazəsi almaq üçün bir sıra istisnalar edir. Məsələn, xarici vətəndaş Latviya vətəndaşının həyat yoldaşıdırsa və ya elmi əməkdaşlıq layihəsində, təhsil və ya təhsil təcrübəsində iştirak etmək üçün gəlibsə, əsas yaşayış icazəsi əldə edilə bilər.
İyulun 30-da Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Avropa İttifaqını ruslara turist vizalarının verilməsini dayandırmağa çağırıb. Bundan əvvəl o, tvitter səhifəsində Avropa İttifaqının artıq bu təşəbbüsü müzakirə etdiyini, lakin konsensusa gəlmədiyini yazmışdı. Eyni təkliflə onun estoniyalı həmkarı Urmas Reynsalu da çıxış edib.