Accessibility links

Lavrov: Çində "təlim düşərgələri"ndən xəbərim yoxdur, amma Sincanda "minlərlə ekstremist" var


Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Çinin Sincan-Uyğur muxtar vilayətində “siyasi yenidən tərbiyə düşərgələri”nın mövcudluğu barədə məlumatı olmadığını bildirib. Şahidlərin sözlərinə görə, müsəlmanlar bu cür düşərgələrə qeyri-müəyyən müddət üçün göndərilir. Saxlanılanlara bu düşərgələrdə Çin dili öyrədilir və kommunist təbliğatına məruz qalır.

“Bu barədə bilmirəm. Mən bu yaxınlarda ABŞ-ın bu məsələni aktiv şəkildə Pekindəki səfirlik tərəfindən də gündəmə qoyduğu haqda oxumuşam. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq və əlaqələrimizdə problemlər axtarmağa çalışmırıq. Çinlə bizim qarşılıqlı hörmət əsasında münasibətlərimiz var”, Lavrov Bişkekdəki Qırğız-Rus slavyan universitetinin tələbələri qarşısında çıxışı zamanı söyləyib.

Lavrovun fikrincə, Çinin Sincan-Uyğur muxtar vilayətində Çinin mübarizə apardığı “ciddi ekstremizm problemi mövcuddur”.

“Bu bölgədən olan yüzlərlə, minlərlə ekstremist “İslam Dövləti” və Suriya və Yaxın Şərqdən olan digər terror qruplaşmalarının sıralarında döyüşür", Lavrov deyib. Yaxın Şərqdə uğur axtarırlar, oradan qovulduqda, döyüldükdə isə bu qruplaşmaların qalıqları yenidən öz ölkələrinə, yaxud da üçüncü ölkəyə keçmək istəyirlər. Bu cür halların qarşısı əlbəttə ki, alınmalıdır”.

Uyğurlar Sincanda əsrlərlə yaşayır və region əhalisinin 45 faizini, çinlilər isə 40 faizini təşkil edir.

Çinlilər və uyğurlar arasında ən ciddi gərginlik 2009-cu ildə müşahidə olunub. Çinin cənubunda iki uyğurun öldürülməsi Sincanda kütləvi iğtişaşlara səbəb oldu.

​Polis etirazları qəddarlıqla yatırdı. Lakin radikallar müqaviməti davam etdirdi və onlarla insanın ölümünə səbəb olan terror hücumları törətdi.

2016-cı ildə Sincanda partiyanın birinci katibi Çen Tsyuanqo olduqdan sonra uyğurların məsələsinin daha sərt və sistemli şəkildə həllinə başlanıldı.

Şəhərlərdə xüsusilə də Xotan və Qaşqarda insanların üzdən tanınması üçün kameralar quraşdırılıb. Şəhərin küçələrində hər 100-200 metr məsafədə 8-10 kamera quraşdırılıb, yoxlama-buraxılış məntəqələri yaradılıb. Xotan şəhərində 4-5 belə məntəqə var. Məntəqələrdə sakinlərin sənədləri yoxlanılır, şəkilləri çəkilir, barmaq izləri götürülür və göz qişaları skan edilir. Regionun hər bir sakini smartfonuna onun yerini müəyyənləşdirən, mesajları, zəngləri və İnternet trafikini izləyən proqram yükləməlidir.

Bəzi müsəlmanlar isə hətta öz evlərində Çin dövlət məmuruna sığınacaq verməyə məcbur edilirlər. Həmin şəxs müntəzəm olaraq ailəni ziyarət edir, bəzən orada yaşayır, onlara Çin dilini öyrədir və eyni zamanda müşahidə olunanların davranışı və ictimai mövqeyini qiymətləndirir. 2018-ci il hesabatına görə, bir milyon yarım ailə tərəfindən bir milyondan çox məmura sığınacaq verilib.

Bəyənilməyən və ya günahkar bilinənlər yenidən tərbiyə üçün xüsusi düşərgəyə göndərilə bilər. Buna səbəb məsələn, məscidə getmək ola bilər. Müxtəlif məlumatlara görə, bu cür düşərgələrdə digər müsəlmanlardan başqa 5 yüz mindən 1 milyona qədər uyğur var.

Aylarla təzyiqlərdən sonra rəsmi Pekin sənədlərdə “professional hazırlıq mərkəzləri” adlandırılan bu düşərgələri rəsmiləşdirib. Onların ekstremizmə qarşı mübarizə aparmaq üçün yaradıldığı deyilir.

XS
SM
MD
LG