Accessibility links

Lavrov və Tillerson Şimali Koreya, Suriya və Ukrayna məsələlərini müzakirə edib


ABŞ dövlət katibi Reks Tilleson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında çərşənbə axşamı günü telefon söhbəti baş tutub. Rusiyanın Xarici İşlər nazirliyinin bildirdiyinə görə, Lavrov qeyd edib ki, “Vaşinqtonun aqressiv ritorikası” Koreya yarımadasında gərginliyin artmasına səbəb olub.

Nazirliyin verdiyi məlumata əsasən, tərəflər Şimali Koreyanın nüvə-raket proqramlarının BMT Təhlükəsizlik Şurasının tələblərini pozduğu məsələsində yekdil fikrə malikdir.

Telefon söhbəti zamanı Lavrov və Tillersonun Suriyada böhranın həlli istiqamətində atılacaq addımlar və Ukraynada vəziyyəti müzakirə etdiyi bildirilir.

Bundan öncə Kremlin sözçüsü Dmitri Peskov Moskvanın bu ölkələr razılıqlarını bildirdiyi zaman Şimali Koreya və ABŞ arasında vasitəçi rolunda çıxış etməyə hazır olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurası keçən həftənin cümə günü Şimali Koreyanın idxal edə biləcəyi benzin və dizelin həcminin azaldılması və Şimali Koreyaya qadağan olunmuş maddələr daşımaqda şübhəli bilinən gəmilərin daha ciddi yoxlanılmasını nəzərdə tutan qətnamə layihəsini yekdilliklə qəbul edib.

Pxenyan sanksiyaları “müharibə aktı” adlandıraraq kəskin tənqid edib.

Şimali Koreya 2017-ci ildə nüvə və raket proqramının inkişafını ciddi şəkildə sürətləndirərək, keçən ay yeni qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu, Şimali Koreya tərəfindən bu il keçirilən üçüncü qitələrarası və 20-ci ballistik raket sınağıdır.

Moskva Şimali Koreya və Birləşmiş Ştatlar arasında danışıqlara çağıraraq, “nəzarətdən çıxa biləcək gərginliyin artması riski” ilə bağlı xəbərdarlıq edib. Rusiya Vaşinqtonun Cənubi Koreya ilə birgə təlimlərini də tənqid edib.

XS
SM
MD
LG