Accessibility links

Livanın militant Hizbullah lideri İsraili eskalasiya ilə hədələyir


Hizbullah lideri Həsən Nəsrallah cümə günü deyib ki, onun güclü yarı-hərbi qüvvəsi Livan-İsrail sərhədində İsraillə misli görünməmiş döyüş aparır. O, dörd həftə öncə başlayan İsrail-HƏMAS müharibəsi davam etdiyi bir vaxta eskalasiya ilə hədələyib.

Fələstinli militantların oktyabrın 7-də İsrailin cənubuna hücumunun səbəb olduğu müharibə başlayandan bəri ilk dəfə televiziya vasitəsilə çıxış edən Nəsrullah livanlı yarı-hərbi qüvvələrinin münaqişəyə tam şəkildə daxil olacaqlarını deməyib.

Nəsrullah həmçinin deyib ki, ABŞ-ın ən son müharibədən kənarda qalması ilə bağlı xəbərdarlıqları Qəzzanın militant Həmas idarəçilərinin müttəfiqi olan Hizbullahı yayındırmır. O, ABŞ-ın regionda hərbi mövcudluğuna istinad edərək deyib ki, Amerikanın Aralıq dənizindəki hərbi gəmiləri “bizi qorxutmayacaq.”

Nəsrullah xəbərdarlıq edib ki, Hizbullah bütün variantlara hazırdır və “biz istənilən vaxt onlara əl ata bilərik.” Livan-İsrail sərhədində döyüşlər indiyədək görülən miqyasla “məhdudlaşdırılmayacaq” deyə o əlavə edib.

Livanlı silahlı qruplaşma ilə Livan-İsrail sərhədində İsrail qüvvələri arasında həftələrlə davam edən məhdud atışmalardan sonra onun çıxışı bölgədə İsrail-HƏMAS münaqişəsinin regional müharibəyə çevrilib-çevrilməyəcəyinə dair işarə olaraq gözlənilirdi.

“Bəziləri deyir ki, mən bizim döyüşə daxil olduğumuzu elan edəcəyəm,” Nəsrullah cümə günü deyib. “Biz artıq oktyabrın 8-də döyüşə daxil olmuşuq.” O iddia edib ki, Hizbullahın transsərhəd zərbələri əks təqdirdə diqqətini Qəzzada HƏMAS üzərində cəmləşdirəcək İsrail qüvvələrini cəlb edib.

Minlərlə insan böyük ekranda yayımlanan çıxışı izləmək üçün Livan paytaxtının cənubundakı bölgələrdə meydana toplaşdığı bir vaxt, Beyrut üzərində bayram etmək məqsədilə açılan atəş səsləri eşidilib.

Nəsrullahın tərəfdarlara müraciəti İsrail-Livan sərhədində Hizbullahla İsrail qüvvələri arasında toqquşmaların müharibə başlayandan bəri ən əhəmiyyətli dərəcədə artmasından bir gün sonraya və ABŞ-ın baş diplomatının İsrailə səfər etdiyi günə təsadüf edir.

ABŞ dövlət katibi Antoni Blinken baş nazir Benyamin Netanyahu ilə görüşərək, İsrail əsgərləri Qəzza şəhərinin mühasirəsini gücləndirdiyi bir vaxtda, HƏMAS-la döyüşlərdə mülki əhalinin müdafiəsinə çağırıb.

Nəsrullah HƏMAS-ın İsrailə misli görünməmiş hücumunu tərifləyib. Həmin hücum zamanı militantlar əkinçilik kəndlərini, qəzəbələri və hərbi postalara hücum edərək, İsraildə 1400-dən çox insanı öldürüb.

“Bu böyük, genişmiqyaslı əməliyyat sırf Fələstinin planlaşdırması və həyata keçirilməsinin nəticəsi idi” deyən Nəsrullah Hizbullahın hücumda heç bir rolunun olmadığına işarə edib. “Böyük məxfilik bu əməliyyatı çox uğurlu etdi.”

O həmçinin deyib ki, oktyabrın 7-i “İsrailin hörümçək torundan daha zəif olduğunun sübutudur.”

Nəsrullah həmçinin ABŞ-ın İsrailin əksəriyyəti mülki şəxslər olmaqla 9000-dən çox insanın ölümü ilə nəticələnən Qəzzanı bombardmanına dəstəyini tənqid edib. ABŞ rəsmiləri son gönlürdə daha ictimai şəkildə Qəzzada dinc sakinlərin müdafiəsi üçün çağırışlar etsələr də, hələ ki atəşkəsə çağırmayıblar.

Hizbullah lideri deyib ki, Prezident Co Bayden “sübut olmadan HƏMAS-ın uşaqların başlarnı kəsdiyinə dair saxta iddia edib, amma Qəzzada” İsrailin bombalaması nəticəsində “başı kəsilən və bədən üzvləri parçalanan minlərlə uşaqla bağlı səssiz qalıb.”

HƏMAS liderləri -bəzi hallarda ictimai şəkildə- Yaxın Şərqdəki müharibədə iştirakını genişləndirməyə çağırıb. Nəsrullah ötən həftə Beyrutda HƏMAS-ın yüksək vəzifəli rəsmisi Saleh Əl-Əruri və müttəfiq İsalm Cihadı qrupundan Ziad Naxalehlə görüşüb.

Ancaq Hizbullah rəsmiləri açıq şəkildə konkret qırmızı xətt çəkməkdən yayınıblar və qeyri-dəqiq bir şəkildə HƏMAS-ın məğlubiyyətin astanasında olduğunu görsələr, müharibəyə qatılacaqlarını bəyan ediblər. İndiyə qədər Hizbullah İsrail ordusunu Livanla sərhədində məşğul saxlamaq üçün hesablanmış addımlar atıb, lakin bu addımlar tam-miqyaslı müharibəni alovlandıracaq dərəcədə olmayıb.

İsrail ordusu bildirib ki, cümə gününə olan məlumata görə, şimal sərhədində yeddi əsgəri və bir mülki şəxsi öldürülüb. Sərhədin Livan tərəfində isə 50-dən çox Hizbullah döyüşçüsü və müttəfiq qrupların 10 militantı, habelə 10 mülki şəxs, o cümlədən Reuters-in bir jurnalisti həlak olub.

İsrail İranın dəstəklədiyi livanlı şiə militant qrupu ən ciddi təhdid hesab edir və Hizbullahın İsrailə doğru yönəltdiyi 150 minə yaxın raketinin olduğunu təxmin edir.

Forum

XS
SM
MD
LG