Accessibility links

Bu yaxınlarda Azərbaycanda olan ABŞ rəsmisi İranın yaratdığı 37 saxta şirkətin ifşa edildiyini deyib


Bu yaxınlarda Azərbaycanda olan ABŞ rəsmisi İranın yaratdığı 37 saxta şirkətin ifşa edildiyini deyib
Bu yaxınlarda Azərbaycanda olan ABŞ rəsmisi İranın yaratdığı 37 saxta şirkətin ifşa edildiyini deyib

Stuard Levi deyir ki, “Azərbaycan və Türkiyə məsələ barədə həssasdırlar, ancaq həssaslıq iki istiqamətdə olur. Onlar bir tərəfdən İranla mövcud nəqliyyat marşrutlarının və sərhəd rayonlarındakı qarşılıqlı ticarətin davam etməsinə maneələrin yaranacağından narahatdırlar. BMT üzvləri olaraq onlar Təhlükəsizlik Şurasının qərarlarını da yerinə yetirirlər.”

Birləşmiş Ştatlar İranın dəniz nəqliyyat şirkətindən öz biznes məqsədləri üçün istifadə etməkdə şübhəli bilinən əlavə şəxs və qurumlara qarşı sanksiyalar tətbiq edib ki, onların siyahısına Almaniya, Malta və Yunan Kiprində yerləşən 37 şirkət və beş şəxs daxildir. Xatırladaq ki, bu, Avropa Birliyinin BMT sanksiyalarının daha möhkəm tətbiqi ilə əlaqədar normativ aktlar qəbul etdiyi bir zamana təsadüf edir.

ABŞ Maliyyə Nazirinin bu yaxınlarda Azərbaycan və Türkiyədə olan Terrorizmlə Mübarizə və Kəşfiyyat üzrə müavini Stuart Levi Amerikanın səsinə verdiyi müsahibə sanksyialara daxil edilən şirkət və şəxslər barədə bunları söyləyib: “Bu gün biz 37 şirkət və beş şəxsi, İranın dəniz nəqliyyatı şirkəti ilə əlaqəsi olan qurum və şirkətlərin siyahısına salmışıq. Bildiyiniz kimi İranın dəniz nəqliyyat şirkətinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəfələrlə pozduğu müəyyən edilib. Biz bu şirkət və şəxsləri ifşa etməklə İranın dəniz nəqliyyat şirkətinin qadağan olunan fəaliyyətləri davam etdirmək üçün saxta şirkətlər yaratmaq imkanlarını məhdudlaşdırmışıq.”

Cənab Levi deyir ki, onların məqsədi fərqli adlar altında öz fəaliyyətlərini davam etdirməkdir və belə şirkət və şəxslərlə iqtisadi sövdələşməsi olanlar İranın dəniz nəqliyyatı şirkəti ilə əməkdaşlıq etdiklərini bilmirlər. O bildirib ki, fəaliyyətlərinin məqsədi belə saxta şirkətləri və qaydaları pozan şəxsləri ifşa edib, onlarla bilmədən əməkdaşlıq edən ölkə və şirkətləri qorumaqdır.

Cənab Levi müsahibəsində ABŞ-ın haqqında danışdığı BMT sanksiyalarını pozan bu növ şirkətlərin müəyyən edilməsində Avropada və başqa yerlərdəki ölkələrlə əməkdaşlıq etdiyini xatırladıb: “Biz belə saxta şirkətlər və qanunsuz fəaliyyət göstərən gəmilər haqqında məlumatları müxtəlif yollarla alırıq. Ancaq heç kim Birləşmiş Ştatlarla Almaniya və ya Malta arasında bu barədə əməkdaşlığın olmadığını düşünməsin. Əksinə bu iki ölkənin üzvü olduğu Avropa Birliyi BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar barədə 19-29 saylı qətnaməsinin tətbiqi barədə çox əsaslı, çox sərt normativ aktlar qəbul edib ki, bu nizamnamələr başqa ölkələr üçün nümunədir.”

O, deyir ki, Avropa Birliyi ABŞ-la bir yerdə İrana xəbərdarlıq edir ki, ya xeyli mənfi fəsadları olan indiki siyasətini davam etdirəcək, ya da mükalimələr aparmaq barədə təkliflərə müsbət yanaşaraq dünya birliyi ilə əməkdaşlıq yolunu seçərək beynəlxalq öhdəliklərini yerinə yetirəcək. Onun sözlərinə görə, indiyə qədər, görünür, İran birinci alternativə üstünlük verib.

Cənab Levi bu yaxınlarda İranla qonşu olan və eyni sərhədləri bölüşən Türkiyə və Azərbaycanda olub. O Amerikanın səsinə müsahibəsi zamanı İranla yaxın ticarət əlaqələri olan bu iki ölkədəki görüşləri barədə sualın cavabında bunları söyləyib: “Mənim Türkiyə və Azərbaycana səfərlərimə gəldikdə, bu ölkələr İranın qonşularıdır və məsələ barədə müəyyən dərəcədə həssasdırlar. Ancaq həssaslıq iki istiqamətdə olur. Onlar bir tərəfdən İranla mövcud nəqliyyat marşrutlarının və sərhəd rayonlarındakı qarşılıqlı ticarətin davam etməsinə maneələrin yaranmaması üçün narahatdırlar. Eyni zamanda onlar BMT üzvləri olaraq Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirirlər. “

ABŞ rəsmisinin sözlərinə görə İranın nüvə proqramı məsələnin nəticəsi olaraq ən çox risk qarşısında olan ölkələr İranın qonşularıdır:” Mən iki ölkədə də gördüm ki onlar İranın nüvə proqramı ətrafındakı məsələlərin dinc, diplomatik yollarla həll edilməsini istəyirlər. Mən hər iki ölkədə bunun şahidi oldum. “

Cənab Levi Azərbaycan və Türkiyənin risk qarşısında olduqlarını qəbul edib etməmələri barədə sualın cavabında deyib ki, “Mən onların adından danışmaq istəmirəm. Bu ölkələr özləri öz (mövqeylərini) ifadə edə bilərlər. Bu ölkələrin rəsmiləri mənə deyiblər ki, onlar İranın nüvə silahına malik olmasını istəmirlər. Heç kim iranın nüvə silahına malik olmasını istəmir. Onlar diplomatiya yolu ilə nailiyyət əldə olunmasını görmək istəyirlər. Eyni zamanda onlar BMT üzvləri olaraq Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirirlər.”

Cənab Levi söyləyib ki, Azərbaycan və Türkiyə hökumətlərinin dediklərindən daha mühümü bu ölkələrdə özəl sektorun dedikləridir: “Türkiyədə özəl şirkətlər İranla qanuni bizneslərinin zərər görməsini, beynəlxalq sahədəki fəaliyyətlərində etimadlarına xələl gəlməsini istəmirlər. Bu, xüsusilə maliyyə sektoru üçün mühümdür. Onlar dünya miqyasında fəaliyyətlərini davam etdirmək istəyirlər, və mən də görürəm ki, qlobal səviyyədə maliyyə qurumları bu məsələdə olduqca həssas hərəkət edirlər.”

ABŞ rəsmisi deyir ki, Malta və başqa bəzi ölkələr hətta bəzi kiçik ada dövlətləri belə qanunsuz şirkətlərin qeydiyyatdan keçməsinə bilmədən imkan yaratmış olsalar belə ABŞ-la tam əməkdaşıq edirlər: “Malta kimi bəzi ölkələrin ənənəvi olaraq dəniz nəqliyyatında mühüm rolu olduğuna görə onlar bu rollarını qanuni şəkildə davam etdirmək üçün daha çox səy göstərir və belə saxta şirkətlərin fəaliyyətlərinə imkan vermək istəmirlər. Onlar lazımı şəkildə əməkdaşlıq edir və etibarlarını da saxlayırlar. Belə etməsələr onda onlar legitim beynəlxalq dəniz limanı kimi öz etibarlarını itirə bilərlər.”

BMT Təhlükəsizlik Şurasının İrana sanksiyalar barədə sonuncu 19-29 saylı qətnaməsinin qəbul olunmasından sonra Stuard Levi də daxil ABŞ administrasiyasının rəsmiləri sanksiyaların tətbiqi məsələsinin müzakirəsi üçün çoxlu ölkələrə səfərlər ediblər. O belə səfərlərin məqsədi barədə deyib ki, “Biz dünya ölkərinə məsələni çatdırmaq istəyirik. Bizim ondan çox ölkə ilə bu məsələdə təmaslarımız olub. Bu, BMT Təhlükəsizlik Şurasının qərarıdır və bütün ölkələrin bu qərara riayət etmək öhdəliyi var. Dediyim kimi 27 ölkədən ibarət Avropa Birliyinin gördüyü tədbirlər digər ölkələr üçün presedent yaratdı.”

Cənab Levi Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada, Norvec kimi ölkələrin Avropa Birliyini sanksiyaların tətbiqində özlərinə nümunə götürdüklərini deyir.

XS
SM
MD
LG