Accessibility links

Beynəlxalq və yerli hüquq müdafiəçiləri Leyla Yunusa qarşı münasibəti pisləyir


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus

Avropa Şurası insan hüquqları komissarı, Human Rights Watch və çoxsaylı hüquq müdafiələri bəyanatla çıxış edib

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının, hüquq müdafiəçilərinin Leyla Yunusun saxlanmasını pisləyən bəyanatları davam edir. Bir qrup yerli hüquq müdafiəçisi isə prezident İlham Əliyevə müraciət edib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun Bakı hava limanında saxlanmasından və prokurorluq tərəfindən Leyla Yunusun dindirilməsindən narahatdır. Bu barədə bu gün komissar bəyanatla çıxış edib.

“Təəssüf ki, bu Azərbaycanda tənqidi səslərə qarşı hədə-qorxu, repressiya dərəcəsini göstərən əlavə bir nümunədir. Mən bunu ötən həftə yaydığım müşahidələr sənədində qeyd etmişdim”.

Onun sözlərinə görə Azərbaycan hakimiyyəti dərhal belə təcrübələri dayandırmalı, ifadə azadlığını, birləşmək və toplaşmaq hüquqlarını təmin etmək üçün təcili tədbirlər görməlidir.

“Avropa Şurasının üzvü kimi Azərbaycan insan hüquqları üzrə öhdəliklərinə əməl etmək vəzifəsini daşıyır”, deyə komissar bildirib.

Norveç Helsinki Komitəsi L.Yunusun saxlanılmasını pisləyir və onun həbsi ehtimalı ilə bağlı dərin narahatlığını ifadə edir.

“Leyla və Arif Brüsselə konfransa gedirdilər. Heç nə onların yola çıxmasına mane olmamalı idi: onlar şübhəli şəxs, hansısa cinayət işində şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar”, deyə isə Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Riçel Danber bildirir.

Təşkilatın bəyanatında qeyd edilir ki, SDİ bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun da iştirak etdiyi bəzi proqramların təşkilatçısıdır.
Bu zaman xatırladılır ki, Yunus Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında körpülər qurulmasına 20 ildən çox vaxt həsr edib.

Xanım Denber daha sonra qeyd edir ki, Azərbaycanda hazırda siyasi motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib.

“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına şərait yaradacaq”, deyə Human Rights Watch-un bəyanatında bildirilir.

Xatırladaq ki, Leyla Yunus “Fransanın Fəxri Legionu Ordeni Kavaleri” mükafatına layiq görülüb.

Yerli hüquq müdafiəciləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhrəmanlı Leyla Yunus və həyat yoldaşı Arif Yunusun hava limanında saxlanılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunub.

Sənəddə deyilir ki, Azərbaycanın 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəni tənqid etməyə ciddi əsas verir.

Hüquq müdafiəçiləri prezidentdən Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, A.Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edir, L.Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını prezidentin nəzarətdə saxlamasını xahiş edirlər.
XS
SM
MD
LG