Accessibility links

Şahidlər Leyla Yunusa qarşı ittihamı təsdiq etmir [Video]


Şahidlər Leyla Yunusa qarşı ittihamı təsdiq etmir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Şahidlər Leyla Yunusa qarşı ittihamı təsdiq etmir

Leyla və Arif Yunusların məhkəməsi avqustun 3-də davam etdiriləcək

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə məhkəmə iclası davam edib.

Əvvəlki iclaslarda olduğu kimi, bu gün də zal əvvəlcədən xidməti qapıdan buraxılmış mülki geyimli şəxslərlə, demək olar ki, dolmuşdu.

Zalın qapıları müşahidəçilər üçün açıldıqda orada artıq orada 22 nəfər, o cümlədən hakimiyyətyönümlü mətbuatın bir neçə nümayəndəsi var idi.

Sonda iki jurnalist, Amerika səfirliyinin əməkdaşı və tərcməçisi və beynəlxalq hüquq müdafiə təşkilatlarından birinin nümayəndəsi öz tərcüməçisi ilə birlikdə zala daxil ola bilib.

Zala daxil ola bilmədikləri üçün qəzəblənən vətəndaş cəmiyyəti nümayəndələri məhkəmə qapısını bərk-bərk döyərək “azad olmayan məhkəmə”, “qapalı məhkəmə”, “troyka məhkəməsi” (Stalind dövründə repressiya məhkəməsi) şüarları səsləndiriblər. Bu zaman polis və məhkəmə nəzarətçiləri jurnalistləri, diplomatları, ictimaiyyətin nümayəndələrini məhkəmə zalının giriş qapısından uzaqlaşdırıb.

Proses şahid ifadələri ilə davam edib.

Onlardan biri “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya uğrunda” cəmiyyətinin həmtəsisçisi Adilə Manafova idi.

Vəkil Əfqan Məmmədov ondan həmtəsisçilərin təşkilatın ləğvi zamanı sədr Rəna Səfərəliyevaya vəkil tutmaq səlahiyyəti verib-vermədiklərini soruşub.

Manafova inkaredici cavab verib.

Vəkil Elçin Qəmbərov Leyla Yunusun QHT-nin işində necə iştirak etdiyini soruşub.

Manafova deyib ki, Leyla Yunus Qarabağ münaqişəsinin həlli üzrə sülhməramlı səylərdə iştirak edirdi.

Onun işinin nədən ibarət olduğunu soruşduqda, Manafova deyib ki, L.Yunus arqumentlərlə, konkret faktlara söykənərək, Qarabağ münaqişəsinin səbəbləri, Azərbaycan ərazilərinin işğalı haqqında məlumat verirdi.

“Ermənilər onun arqumentlərinin qarşısına heç nə çıxara bilmirdilər”, deyə Manafova bildirib.

Bu zaman prokuror Fərid Nağıyev Manafovanın nitqini davam etdirməsinə mane olub.

Buna cavabda vəkil Elçin Qəmbərov xatırladıb ki, dünən məhkəmədə yalnız KİV-dən eşitdiyinə əsaslanaraq, L.Yunusun Ermənistan xüsusi xidmətləri ilə əməkdaşlığı haqqında ifadə verən şahid Təhmasib Novruzovu dəvət etmişdiniz.

“Təhmasib Novruzovun burada hər şeyi deməyinə imkan verirsiniz, dəyərli şahidin isə ifadə verməsinə imkan vermirsiniz”, deyə vəkil qeyd edib.

Manafova təsdiq edib ki, beynəlxalq təşkilatlar L.Yunusun fəaliyyətini kömək edib.

Vəkil E.Qəmbərovun Səfərəliyevanın təşkilatda nə ilə məşğul olduğu barədə sualına cavabda şahid deyib ki, o, kargüzarlıqla məşğul idi. L.Yunus isə təşkilatın rəhbəri deyildi.

“Leyla Yunus çox demokratik insandır. Təşkilata R.Səfərəliyeva rəhbərlik ediridi”, deyə Manafova qeyd edib.

Manafova prokurorun onun qrantlardan istifadə, bank hesabarında pul çıxarılma barədə məlumatı olub-olmadığı barədə sualına mənfi cavab verib.

Leyla Yunus özü də soruşub – 2014-cü ilin iyununda QHT-nin buraxılması zamanı onun təşkilata ziyan vurması məsələsi qaldırılıb? Bu suala da Manafova mənfi cavab verib.

Daha sonra L.Yunus bildirib ki, özünü zərərçəkmiş tərəfin – “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin vəkili kimi təqdim edən Şöhrət Allahmanov “növbətçi vəkildir” və deməli, zərərçəkmişin nümayəndəsi ola bilməz”.

Hakim L.Yunusa mane olmağa çalışıb. Buna cavabda o deyib: “Qanuna heç olmasa bir az riayət edin”.

O, üzünü çevirərək Allahmanova deyib: “Bu kloun mövcud olmayan zərərçəkmişi – ləğv edilmiş cəmiyyəti təmsil edə bilməz”.

Allahmanov ona cavab vermək istəyib.

Buna cavabda L.Yunus ona söz atıb: “O, hətta kloundan da aşağıdır”.

Hakim L.Yunusu təhqirə keçməməyə çağırıb.

Hakim Manafovadan QHT-nin buraxılması haqqında protokol olub-olmadığını soruşub.

Buna cavabda o deyib ki, protokol olub, ləğv prosesi isə Səfərəliyevaya tapşırılıb.

Şahid Zemfira İsmayılova bildirib ki, L.Yunusu hələ 1988-ci ildən fəaliyyətindən tanıyır. İsmayılova deyib ki, L.Yunus bütün bu illər ərzində bir çox insanlara kömək edib.

Eyni zamanda, İsmayılova bildirib ki, “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin həmtəsisçisi olmayıb. Amma o, təşkilatın buraxılması zamanı imza atıb.

İsmayılova bunu Səfərəliyevanın ona imza atmağı təklif etməsi ilə izah edib.

Müdafiə tərəfin İsmayılovanın L.Yunusa qarşı iradı olub-olmadığı barədə sualına o, inkaredici cabab verib.

İsmayılova qeyd edib ki, vaxtilə L.Yunus Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq üçün çox şey edib, Xocalı faciəsindən sonra filarmoniyada tədbir təşkil edib.

İsmayılova həmçinin bildirib ki, “Ön Qafqazda Qadınlar Sülh və Demokratiya Uğrunda” cəmiyyətinin ləğvi zamanı L.Yunus tərəfindən QHT-yə ziyan vurulması məsələsi müzakirə olunmayıb.

Daha sonra həbs edilmiş jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva çağırılıb.

Müdafiə tərəfi şahidin dindirilməsinə etiraz edib, belə ki, onun ifadələrinin bu cinayət işi ilə əlaqəsi yoxdur.

Hacıyeva bildirib ki, keçmiş həyat yoldaşının Ermənistana səfərlərinə qarşı olub, ona görə narahat olub.

O deyib ki, heç vaxt L.Yunusla görüşməyib, amma Mirqədirovun onunla telefonda danışdığını eşidib.

Növbəti məhkəmə iclası avqustun 3-də saat 10:00-da keçiriləcək.

Leyla Yunus 2014-cü il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub. Onlar böyük ölçüdə fırıldaqçılıqda (178.3.2-ci maddə) ittiham olunurlar. Bu maddənin sanksiyasına görə, onları 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə gözləyir. Bundan başqa, L.Yunus qanunsuz sahibkarlıq fəaliyyətində (192.2.2), vergi ödənişindən yayınmaqda (213.2.2), sənədləri saxtalaşdırmaqda (320.1 və 320.2) ittiham olunur.

İbtidai istintaqın yekunlarına görə Yunuslara qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham ayrı icraata ayrılıb.

Leyla və Arif Yunus Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG