Işgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın (FIDH) birgə proqramı olan Hüquq Müdafiəçilərinin Qorunması üzrə Observatoriya (OPHRD) hüquq müdafiəçiləri Leyla və Arif Yunusların müalicə üçün Azərbaycandan çıxışına icazə verilməsi məqsədilə kampaniyaya başlayıb.
http://www.omct.org/human-rights defenders/urgentinterventions/azerbaijan/2016/03/d23676/
Yunusların taleyinə biganə olmayanların hamısına Azərbaycan prezidenti, baş prokuror, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, ədliyyə naziri, xarici işlər naziri, BMT-nin Azərbaycandakı daimi missiyasına müraciət göndərərək cütlüyün müalicə üçün xaricə göndərilməsinin təmin edilməsinə və onlara qarşı təqiblərə son qoyulmasına çağırmaq təklif olunur.
OPHRD Azərbaycan hakimiyyətini Sülh və Demokratiya İnstitutunun (SDI) direktoru L.Yunusa və SDİ konfliktologiya şöbəsinin rəhbəri A.Yunusa qarşı davam edən məhkəmə təqiblərinə dərhal və qeyd-şərtsiz son qoyulmasına çağırıb.
Observatoriya xaricdə müalicədən imtina ilə bağlı məhkəmənin qərarından təəssüfünü bildirib. Bu, Yunusların fiziki toxunulmazlığını ciddi risk altına alır. Qurum Azərbaycan hakimiyyətini təcili olaraq tibbi yardımı, zərurət olarsa onların xaricdə xəstəxanaya yerləşdirilməsini təmin etməyə çağırıb.
Observatoriyanın bəyanatı Yunusların təcili tibbi yardım almaq üçün Almaniyaya getməsindən imtina ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 11 mart tarixli qərarına reaksiyadır. Bundan oncə belə imtina fevralın 11-də Yasamal Rayon Məhkəməsi tərəfindən verilmişdi.
A.Yunus hipertoniya, L.Yunus hepatit, diabet, pankreatit və öd daşı xəstəliklərindən əziyyət çəkirlər ki, həbsdən sonra bu xəstəliklər kəskinləşib.
Hər ikisinin təcili əməliyyata və tibbi yardıma ehtiyacı var. Onların sağlıq durumu Berlinin Charite klinikasının həkimi Kristian Vitt tərəfindən təsdiqlənib. Doktor cütlük həbsdə olarkən və azadlığa buraxıldıqdan sonra bir neçə dəfə onlara baş çəkib. Yunuslar Charite klinikasında təcili və lazımi müalicə ala bilər.
Observatoriyanın qeyd etdiyi kimi, Leyla və Arif Yunuslar 2015-ci il avqustun 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həbs beynəlxalq standartların məhkəmə tərəfindən kobud posulması ilə aparılıb. 2015-ci il dekabrın 9-da onlar beş il sınaq müddətinə olmaqla şərti azadlığa buraxılıb.