Accessibility links

Leyla Yunusa həbsxana kamerasında hücum olub


Leyla Yunus
Leyla Yunus

Bu barədə onun vəkili bildirib

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı təcridxana kamerasında hücum olub.

Belə ki, onunla sentyabrın 8-də Bakı İstintaq Təcridxanasında görüşən vəkil Fariz Namazlı bildirib ki, şənbə günü xanım Yunusla bir kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova heç bir əsas olmadan hüquq müdafiəçisinə qarşı hücuma keçib, ona hədə qorxu gəlib, nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. “Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus ona hücum edildiyini bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. 15 dəqiqə sonra yenidən əməkdaşlar kameranın qapısını açıb və Leyla Yunusa 1-ci gün rəhbərlik tərəfindən qəbul ediləcəyini bildiriblər. Bu müddət ərzində də Nuriyyə Hüseynova ona qarşı təzyiqlərini davam etdirib, kamera qapısı açılanda isə o sakit dayanır, qapı bağlanan kimi öz hərəkətlərinə davam edirdi”, Namazlı contact.az saytına bildirib.

Vəkilin dediyinə görə Leyla Yunusu 3 mayor qəbul edib, 3 səhifəlik izahat yazıb, Nuriyyə Hüseynovanın ona qarşı fiziki və mənəvi təzyiqlər etdiyini bildirib, halı pis olduğuna görə dərman istəyib, lakin ona dərman verilməyib.

“Ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə ona töhmət verilib və qərara imza atmalı olduğunu tələb ediblər. Leyla Yunus ona töhmət verilməsinə etirazını bildirib, özünün hücuma məruz qaldığını və buna görə kameranın qapısını döyərək köməyə adam çağırdığını bildirib və qərara imza atmaqdan imtina edib”, vəkil bildirib.

Penitensiar xidmətdən hələlik şərh almaq mümkün olmayıb.

Leyla Yunus Cinayət Məcəlləsinin “dövlətə xəyanət”, “vergidən yayınma” və s. maddələr ilə ittiham olunur. O, bu ittihamları qəbul etmir.

L.Yunus vicdan məhbusu kimi tanınıb.

XS
SM
MD
LG