Accessibility links

Leyla Yunus: Hamıya! hamıya! hamıya! - yeni təxribat planlaşdırılır


Leyla Yunus həbs ediərkən
Leyla Yunus həbs ediərkən

Hüquq müdafiəçisi Leyla Yunusun istintaq təcridxanasında təzyiqlərə məruz qalması ilə bağlı çoxsaylı məlumatlar dərc olunmaqdadır. Leyla Yunus kamerada birgə saxlandığı Nuriyyə Hüseynova tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını bildirir. Nuridə Hüseynova isə saxlanma şəraitindən razıdır və hüquqlarının Leyla Yunusun vəkili tərəfindən pozulduğunu yazır. Leyla Yunus, Niriyyə Hüseynova və vəkil Əlayif Həsənovun münasibətlərini təqdim edirik. Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus media vasitəsi ilə ona qarşı kamera yoldaşı Nuriyyə Hüseynova tərəfindən növbəti təxribatın hazırlandığını bildirib. Leyla Yunusun mediaya ünvanladığı məktubunda deyilir:

- Hamıya! Hamıya! Hamıya!

Kürdəxanı təcridxanasında mənə qarşı növbəti təxribat hazırlanır. Cinayətkar Hüseynova Nuriyyə Musa qızını hər gün çağırıb təlimatlandırırlar. Görünür o, bilavasitə təcridxana rəisi A.Seyidovla söhbət edir. Bu görüşlərdən sonra o, axşamlar məni çirkin şəkildə hədələyir. Çox güman ki, təxribat şənbə, ya bazar gününə planlaşdırılıb. Bu həftə bizim kameraya Ombudsman aparatı əməkdaşlarının gəlişi vəziyyəti bir qədər də gərginləşdirdi. Ombudsman aparatının əməkdaşları mənim birinci dəfə cinayət məsuliyyətinə cəlb edilən qadınların kamerasından köhnə resedivisti (onun bütün qardaşları və qohumları həbsxanadadır) çıxarmaqla bağlı əsaslı xahişimə heç bir reaksiya vermədilər. Həmçinin məni qəbul etmək üçün yazılı müraciətlərimə baxmayaraq (iki dəfə müraciət etmişəm, sonuncu dəfə Ombudsman aparatı əməkdaşlarının yanında müraciət etmişəm), təcridxana rəisi A.Seyidov onları cavabsız qoyur. Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər.

Öz növbəsində hədələyir ki, yaxın vaxtda mənə elə hücum edəcək ki, (ən çirkin ifadələrdən istifadə edir) bədənimdə qançır olmayacaq, ancaq mənə bundan da pis olacaq.

Nuriyyə Hüseynova – İlham Əliyevin mənə qarşı işgəncə silahıdır. Mənəviyyatca çox yaxın adamlardı.

Öz növbəsində Penitensiar Xidmətin rəsmi saytın Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Nuriyyə Hüseynovanın müraciətini yayıb. Saytda deyilir ki, N. Hüseynova onun müraciətinin KİV-ə çatdırlmasını xahiş edib. O, ilk öncə bildirir ki, Bakı İstintaq təcridxanasında saxlanma şəraitindən heç bir narazılığı yoxdur. "Lakin son zamanlar mənimlə eyni kamerada saxlanılan həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının bəzi mətbuat orqanlarında mənim şərəf və ləyaqətimi alçaldan yazılar yazmışlar. Məni residivist, siqaret çəkən bir qadın kimi oxuculara təqdim ediblər. Mənim 3 övladım var, 2 nəvəm var. Mənim haqqımda vəkillərin dərc etdikləri bu cür məqalələr mənim yaxınlarıma mənfi psixoloji təsir etmişdir. Onlar mənim təhlükəsizliyimdən narahatlıq hissi keçirirlər. Vəkil Əlayif Həsənov hüquqşünas olaraq bilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar adlandırıla bilməz. Hüseynova bildirir ki, Azadlıq qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında özünü həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının vəkili kimi təqdim edən Əlayif Həsənov onu və kamerada saxlanılan digər qadınları cinayətkar adlandırması mənim, mənim qohumlarımın və kamerada saxlanılan digər qadınların səbr kasasını doldurub. Vəkil Əlayif Həsənov hüquqşünas olaraq bilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar adlandırıla bilməz. Bu cür ifadə işlətmiş vəkilin hüquqi savadı və ədalətlilik prinsiplərinə əməl etməsi məndə böyük şübhələr yaratmışdır. Həmçinin onun mənim barəmdə mətbuatda siqaret çəkən və bu kimi ifadələr işlətməsini mən özüm təhqir olunmuş hesab edirəm. Bütün bunlara görə də mən mətbuat orqanlarında barəmdə böhtan və təhqiramiz ifadələr işlətdiyinə görə tədbirlər görülməsi məqsədi ilə müvafiq orqanlara müraciət etmişəm", o qeyd edir

Öz növbəsində vəkil Əlayif Həsənov Amerikanın Səsinə müdafiə etdiyi hüquq müdafiəçisi və özünə qarşı ittihamlarla bağlı bildirib ki, Leyla Yunusa və mənə qarşı deyilənlər tamamilə qanunsuzdur. "Ümumilikdə isə Leyla Yunusa qarşı baş verənlər özbaşınalığın əlamətləridir. Görün hakimiyyət hansı vəziyyətdədir ki, məhkumların müdafiəsinə ehtiyacı yaranıb", Həsənov qeyd edib. Onun sözlərinə görə ilkin həbs yerlərində saxlananlar haqqında qaydalar var. "Bu sənəd birbaşa nəzərdə tutur ki, yetkinlik yaşına çatmayanlar və ilk dəfə şübhəli şəxs qismində saxlananlar əvvəllər məhkum olunmuş şəxslərlə eyni kamerada saxlanıla bilməz. Bundan əlavə Penitensiar Xidmətin rəhbərliyinin vəzifəsi hər bir saxlanılan şəxsin təhlükəsizliyini təmin etməkdir. Leyla xanım həbs olunan ilk gündən saxlandığı kamerada ona qarşı aşkar şəkildə təzyiqlər var. Konkret olaraq Leyla Yunusun bədənində mənim özümün gördüyüm xəsarətlər vardı. O, Nuriyyə Hüseynova tərəfindən xəsarət aldığını deyib. Bununla bağlı Penitensiar Xidmətin, İstintaq Təcridxanasının rəhbərliyinə, Ombudsman Aparatının əməkdaşına məlumat verilib. BMT-nin İşgəncələrə qarşı Mübarizə üzrə nümayəndələrinə isə Leyla xanımın özü məlumat verib", vəkil bildirib.

Ə.Həsənov hesab edir ki, Nuriyyə Hüseynovanın Penitensiar Xidmətin rəsmi saytında yayılan müraciəti onun Leyla Yunusun işindən uzaqlaşdırılması məqsədi ilə sifariş əsasında yazılıb."Əgər şəxsin həyatına konkret təhlükə varsa bütün hallarda onlardan birinin kamerası dəyişdirilməlidir. Bu baş vermirsə Penitensiar Xidmətin və təcridxananın rəhbərliyi konkret məsuliyyət daşıyır. Bu insanlar unudurlar ki, Nuriyyə Hüseynova əvvəllər məhkum olunub və bilgilərimə görə məhkumluğu hələ ödənilməyib. Bunu əsas tutaraq cinayətkar ifadəsini işlətmişəm. Maraqlıdır ki, Leyla xanıma qarşı baş verən sistematik qanun pozuntularına nə Penitensiar Xidmət, nə Bakı İstintaq Təcridxanasının yerləşdiyi ərazi prokurorluğu, nə də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi adekvat reaksiya vermədiyi, araşdırma aparmadığı halda hakimiyyətin nəzarətində olan KİV-lər və bir sıra hüquqşünaslar bizə qarşı kampaniyaya başlayıb". Vəkil Penitensiar Xidmətin Leyla Yunusun əvvəllər məhkum olunmuş şəxslərlə bir yerdə saxlanması barədə izahını da şərh edib. Penitensiar Xidmət Leyla Yunusun əvvəllər məhkum olunmuş Nuriyyə Hüseynova ilə bir kamerada saxlanmasını istintaq təcridxanasındakı rekonstruksiya və təmir işləri aparılması ilə izah edir. "Əgər şəxsin həyatına konkret təhlükə varsa bütün hallarda onlardan birinin kamerası dəyişdirilməlidir. Bu baş vermirsə Penitensiar Xidmətin və təcridxananın rəhbərliyi konkret məsuliyyət daşıyır", Ə.Həsənov qeyd edib.

XS
SM
MD
LG