Accessibility links

Leyla Yunus: Ömrümdə belə isteriya ilə qışqırmamışdım. “Rədd olun! [Yenilənib]


Leyla Yunus
Leyla Yunus

Vəkil Ramiz Məmmədov dekabrın 3-də Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşə bilməyib.

Məmmədovun Turan-a verdiyi məlumata görə, ona Yunusun görüşə gəlmək istəmədiyini deyiblər.

Lakin Məmmədov Yunusun vəziyyətinin çox pisləşdiyini ehtimal edir.

Sonuncu dəfə vəkil onunla bir həftə əvvəl görüşüb və Yunusun əvvəlki kimi təzyiqi və qan şəkəri yüksək idi.

“Leyla Yunus çətinliklə hərəkət edirdi. Onun gözündən daim yaş axır və üzü ağarıb... bu, can verən insanın üzüdür”, deyə vəkil qeyd edib.

Məmmədov deyib ki, dünən Leyla Yunusun ağır xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılması haqqında məhkəməyə müraciət etmə məqsədilə istintaq orqanına məhkəmə-tibbi ekspertiza keçirilməsi haqqında vəsatət göndərib.

Bir müddət əvvəl vəkil L.Yunusun səhhəti haqqında tibbi rəy verilməsi haqqında xahişlə İstintaq Təcridxanasına müraciət edib, lakin heç bir cavab almayıb.

Vəkil qeyd edib ki, L.Yunusun həyatı təhlükədədi.

****

BakI İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus mənəvi təzyiqlərdən, həbs kamerasında qara paltolu kişilərin onu təhqir etməsi barədə məktub yazıb. Leyla Yunusun məktubunu onun qızı Dinara yayıb.

Məktubda deyilir:

... Noyabrın 25-i saat 17.30 radələri idi, hava qaralmağa başlayır, mən kameradakı taxçada mürgüləyirdim. Qəflətən qapı dəhşətli zərbə ilə açıldı və bir neçə kişi tələsik kameraya soxuldu.

Dəqiq xatırlamıram, neçə nəfər idilər. Hamısı gənc idi, mülki geyimdəydilər, hamısının əynində palto vardi.

Dəhşətli dərəcədə qorxdum – sentyabrın 23-də başıma gələnlər gözlərim önündə dayandı. Həmin gün də beləcə içəri soxulan kişilər məni kameradan bayıra itələyib ayrıca bir otağa, mayor Yaqubovun yanına apardılar. Onun başıma endirdiyi zərbələrdən sentyabrın 23-dən bəri hər gün başımda elə güclü ağrılar olur ki, gəzə bilmirəm, başımı isti yaylıqla bağlamasam isə yatmaq mümkün olmur.

Bu dəfə içəri girən gənclər kameraya səpələndilər, onlardan biri - qara paltolu kişi mənim taxçama yaxınlaşdı, iyrənccəsinə gülümsəyib qəflətən dodaqları və əlləri ilə mənə ədəbsiz işarələr verməyə başladı. Bu işarələri küçə qadınlarına, fahişələrə göstərirlər.

Bədənim əsdi, qışqırdım: “siz kimsiz?”. O, əvvəlkindən də iyrənc təbəssümlə o biri kişilərə tərəf boylanıb mənə bir qədər də yaxınlaşdı.

Məni isteriya götürdü, vəhşicəsinə çığırmağa başladım. Ömrümdə belə isteriya ilə qışqırmamışdım. “Rədd olun! Əl vermərəm! Alçaqlar! Haramzadalar! Əclaflar” - deyə hayqırır, əsəbdən çırpınırdım.

Onlar çəkilib kənarda nəsə danışandan sonra kameradan çıxdılar. Mənim isteriya çırpıntılarım isə dayanmırdı. Yuxuya getmək olmurdu, sakitləşə bilmirdim. Xəstə və yaşlı adama əziyyət verməkdən, onu təhqir etməkdən ləzzət alan belə kişiləri görəsən haradan alırlar?

Ertəsi günün səhəri əyinlərində forma daşıyan həbsxana işçiləri kameraya daxil oldular. Məni yenidən möhkəm qorxu tutdu. Nə dediklərini anlamırdım, elə hey ağlayırdım. Çıxıb getdilər. Günorta yenidən qayıtdılar və dedilər ki, həkimləri təhqir etdiyimə görə mənə töhmət verilib.

Məni fiziki cəhətdən tamamilə məhv ediblər. İndi də məqsədləri alçaltmaqla, təhqirlərlə mənəvi cəhətdən məni tam sıradan çıxartmaqdır.

Leyla Yunus

27.11.2014

Qeyd: Nə Ədliyyə Nazirliyi, nə nazirliyin Penitensiar Xidməti hüquq müdafiəçisinin məktubu ilə bağlı şərh verməyib. Bir qayda olaraq Penitensiar Xidmət məhbuslarla qanunvericiliyin tələblərinə uyğun davranıldığını və onların pis rəftara, işgəncəyə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG