Accessibility links

İlham Şaban: Rusiya Bakı-Novorossiysk kəməri ilə daşınan neftin tranzit tariflərinin qaldırılmasını istəyir


İlham Şaban: Rusiya Bakı-Novorossiysk kəməri ilə daşınan neftin tranzit tariflərinin qaldırılmasını istəyir
İlham Şaban: Rusiya Bakı-Novorossiysk kəməri ilə daşınan neftin tranzit tariflərinin qaldırılmasını istəyir

Neft Araşdırmaları Mərkəzinin Bakı-Novorossiysk neft boru kəməri ilə daşınan neftin tranzit tarifi, Rusiya ilə Azərbaycan arasında aparılan danışıqlar, Bakı neftinin Novorossiyskdə Sibir neftinə qarışdırılması məsələlərinə toxunub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində Bakı-Novorossiysk neft boru kəməri ilə daşınan Azərbaycan neftinin tranzit tarifi ətrafında yaranan son problem, Rusiya ilə Azərbaycan arasında aparılan danışıqlar, Bakı neftinin Novorossiyskdə Sibir neftinə qarışdırılması məsələlərinə toxunub.

Sual: Dünən Bakıda Azərbaycan-Rusiya hökumətlərarası enerji komissiyasının iclası başlayıb. Hansı məsələlər müzakirə edilir?

Cavab: Artıq, bir neçə ay əvvəldən Rusiya Azərbaycana Bakı-Novorossiysk kəməri ilə axıdılan neftin həcminin az olması ilə bağı narazılığını bildirib. Bununla bağlı, ilk dəfə bu il mayın 27-də Rusiya tərəfi Azərbaycanı məlumatlandırıb. Azərbaycan isə həcmin artırılması ilə bağlı öhdəliyinin yerinə yetirilməsinin hazırda mümkün olmayacağını bildirib. Bunun cavabında Rusiya tərəfi tranzit tariflərinə yenidən baxılmasının lazımlığını irəli sürüb. Hazırda, Azərbaycan hər ton neftinin Rusiya ərazisi ilə daşınması üçün 15 dollar 67 sent ödəyir. Rusiya mediasının yazdığına görə, Rusiya bu tarifin 50 faizədək qaldırılmasını tələb edir. Çünki, daşımalara cavabdeh olan Rusiyanın dövlət şirkəti Transneft 2010-cu ildə itkilərinin 50 milyon dollaradək qalxdığını elan edib. Azərbaycan tərəfi isə əks arqument kimi bildirib ki, daşınma ilə bağlı 1996-cı yanvarın 28-də imzalanmış dövlətlərarası sazişdə Azərbaycan neftinin keyfiyyət baxımından Novorossiyskə çatdırılması həll edilməlidir. Belə ki, Azərbaycan neftinin keyfiyyəti daha yüksəkdir və dünya bazarında daha baha qiymətə satılır. Azərbaycan nefti Novorossiyskdə Sibir nefti ilə qarışdırılır və bu da satışda hər bareldə azı 2 dollar Azərbaycana ziyanla başa gəlir. Məhz buna görə, il ərzində Azərbaycan 30 milyon dollaradək vəsait itirir.

Sual: Doğrudanmı Azərbaycan nefti Sibir nefti ilə qarışdırılıb satılır?

Cavab: Saziş üzrə öhdəliklərdə bu, yoxdur. Faktiki olaraq Rusiya tərəfi öhdəliyini yerinə yetirmir və Azərbaycan neftini Sibir nefti ilə qarışdırır. İndi Rusiya neftin həcminin ildə 5 milyon tona çatdırılmasını, Azərbaycan isə keyfiyyət bankından istifadə edilməsini istəyir. Tərəflər bununla bağlı müzakirələri davam etdirir.

Sual: İlbəil Novorossiysk vasitəsi ilə Azərbaycan neftinin ixracı azalır. Ötən il həcm 2,3 milyon ton olub və bu il bundan da az olacağı gözlənilir. Azərbaycan neftini Bakı-Tbilisi-Ceyhan kəməri ilə də ixrac etmək imkanına malikdir. Rusiya isə 5 milyon ton tələb edir. Azərbaycan həcmi artıra bilərmi?

Cavab: Bakı-Novorossiysk kəməri o, zaman gündəmə gəlmişdi ki, Azərbaycanın yeganə neft ixrac yolu idi. 1999-cu ildə Bakı-Supsa kəməri inşa edildi, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istifadəyə verildi. Bundan sonra, Bakı-Novorossiysk kəməri faktiki əhəmiyyətini itirdi. Çünki, bu kəmərlə Azərbaycanın keyfiyyətli neftini Azərilayt adı ilə dünya bazarına çıxarmaq mümkün deyil. Bu, kəmərlə axıdılan neft Rusiya qarışıq nefti olan Yurals adı ilə bazara çıxarılır və qiymətdə uduzulur. Azərbaycan tərəfi Rusiya ilə qonşuluq münasibətlərini saxlamaq üçün özünün quruda hasil etdiyi neftin bir hissəsini, 1,2 milyon ton və 1 milyon ton da Dövlət Neft Şirkətinin neftini Bakı-Novorossiysk kəməri vasitəsi ilə ixrac edir.

Sual: Bakı-Novorossiysk kəmərinin təhlükəsizliyi necə təmin edilir? Risklər varmı?

Cavab: Rusiya ərazisində təhlükəsizlik məsələləri Azərbaycanı o qədər də narahat etmir. Çünki, Rusiya kəmərin öz ərazisindən keçən hissəsinin təhlükəsizliyinə cavabdehdir. Amma, vaxtı ilə Çeçen müharibəsi zamanı kəmər onlarla dəfə partladılıb. Bu il isə kəmərdə maraqlı bir situasiya yaranıb. Transneft şirkətinin Rusiya Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda deyilir ki, yalnız bu ilin iyulunda Dağıstan ərazisində kəmərdən 18 min ton neft oğurlanıb. İyun ayında isə 13 min ton oğurluq olub.

XS
SM
MD
LG