Accessibility links

Xarkiv hücumlara məruz qaldığı bir vaxt Ukrayna Rusiyanın 28 dronunu məhv edib


Xarkiv, 21 may, 2024.
Xarkiv, 21 may, 2024.

Ukraynanın Xarkiv regionunun qubernatoru çərşənbə axşamı ərazinin gecə boyu Rusiyanın bombardmanına məruz qaldığını bildirib. Ukrayna hərbi qüvvələri isə bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri Ukraynanın bir neçə regionunda Rusiyanın 29 dronundan 28-ni vurub.

Xarkiv qubernatoru Oleh Sınehubov deyib ki, dağıdılan dronların qalıqları bir evə ziyan vurub, ən azı üç nəfəri yaralayıb.

Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lisak deyib ki, dron qalıqları kommersiya binalarına ziyan vurub.

Ən son hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin müttəfiqlərini yenidən Ukraynanı daha yaxşı hava hücumundan müdafiə sistemləri və yeni döyüş təyyarələri ilə təchiz etməyə çağırmasından sonraya təsadüf edib.

“Təəssüf ki, azad dünyada hələ də bu iki məsələdə səmərələlik çatışmır,” Zelenski deyib. “Amma bizim perspektivimiz və bir neçə tərəfdaşla ümidverici işimiz var – və biz şərq bölgələrimizə - Xarkiv, Sumı və başqaları kimi şəhərlərimizə “Patriotlar”ın gücunu əlavə edə biləcəyimiz günün mümkün qədər tez gəlməsi üçün əlimizdən gələni edirik,” o əlavə edib.

Rusiyanın müdafə nazirliyi çərşənbə günü bildirib ki, hava hücumundan müdafiə qüvvələri Belqorod bölgəsi üzərində bir idarə olunan raket və iki hava dronunu, Kursk regionu üzərində isə bir başqa dronu məhv edib.

Belqorod bölgəsinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, Ukraynanın dron zərbəsi bir maşına tuş gəlib və nəticədə bir nəfər ölüb.

Müdafiə nazirləri görüb

ABŞ müdafiə naziri Lloyd Austin və Avropa və dünyanın müxətlif regionlarından azı 50 ölkənin müdafiə nazirliklərinin rəhbərləri Xarkiv bölgəsində Rusiyanın yenilənmiş hücumuna qarşı mübarizə aparan Ukraynaya hərbi dəstəyi koordinasiya etmək məqsədilə bazar günü bir araya gəlib.

Austin deyib ki, bazar günü baş tutan iclas “çətinlik anında” keçirilib və o, ABŞ silahlarını “hər həftə” Ukraynaya çatdırmağı vəd edib.

ABŞ Konqresi və Prezident Co Bayden Ukraynaya yardımla bağlı aylarla davam edən siyasi çəkişmədən sonra aprelin sonunda Ukrayna üçün 61 milyard dollarlıq yardım paketini təsdiqləyib.

Rusiya həmin zaman xüsusilə də Xarkivdə apardığı hərbi kampaniya vasitəsilə Ukraynaya hərbi müdaxiləsini intenivləşdirib.

Austin bazar ertəsi deyib ki, ABŞ-ın ən son yardım paketi Ukraynaya Xarkiv və Rusiyanın təzyiqinə məruz qalan başqa bölgələrdə yardım edəcək.

“Biz artıq Ukraynanın əsas prioritetli tələblərini çatdırmışıq və daha çox yardım artıq yoldadır. Buna NASAMS və Patriot hava hücumundan müdafiə sistemlərinə əlavə sursatlar, əlavə HIMARS sistemləri və sursat, Stinger təyyarə əleyhinə raketlər və Javelin və AT-4 zireh əleyhinə sistemlər daxildir,” Austin deyib. Bu paketə həmçinin zirehli maşınlar daxildir. Və bu da, Ukraynanın öz arsenalını bərpa etməsi üçün vacibdir.”

Forum

XS
SM
MD
LG