Accessibility links

Makron Kyivə səfəri zamanı Putinlə danışıqların böhranın genişlənməsinin qarşısını aldığını bildirib


Dünya liderləri və diplomatlar Ukrayna-Rusiya sərhədində gərginliyi azaltmağa çalışdığı vaxt Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün çərşənbə axşamı Kyivə səfər edib.

Makron çərşənbə axşamı jurnalistlərə deyib ki, Putinlə müzakirələr zamanı böhranın eskalasiyasının qarşısını almaq məqsədinə nail olub.

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bazar ertəsi Twitter səhifəsində yazıb ki, onun ölkəsi “diplomatik həll yolları axtarır, lakin Ukraynanın qırmızı xətlərini keçməyəcək”.

O, Ukraynanın suverenliyi və ya ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə getməyəcəyini, Donetsk və Luqansk əyalətlərinin şərqindəki “Rusiyanın işğalçı administrasiyaları” ilə birbaşa danışıqlar aparmayacağını və ölkənin xarici siyasətini seçmək hüququna yalnız Ukrayna xalqının malik olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apararaq, Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinin qarşısının alınmasına çalışıb.

Putin danışıqlardan sonra Rusiyanın Qərblə Ukrayna ilə bağlı böhranda "kompromislər tapmaq üçün" əlindən gələni edəcəyini bildirib və deyib ki, "bizə gəldikdə, hər kəsə uyğun olan kompromisləri tapmaq üçün hər şeyi edəcəyik".

O, Avropa qitəsində müharibə başlasa, “qaliblərin” olmayacağını əlavə edib.

“Bu danışıqlar bizim hərəkət etməli olduğumuz istiqamətə, yəni deeskalasiyaya, “müharibədən yayınmağa” və hamının görə biləcəyi “etimad, sabitlik elementlərinin yaradılması” üçün başlanğıc ola bilər" – deyə, Makron görüşün əvvəlində bildirib.

Kreml əvvəlcədən bildirib ki, Qərblə yaranmış böhranın dərhal həll ediləcəyini gözləmir.

ABŞ prezidenti Co Bayden Almaniya lideri Olaf Şoltzun Vaşinqtona səfəri və Fransa prezidentinin bazar ertəsi müdaxilənin qarşısını almaq üçün yüksək səviyyəli diplomatik səylər göstərdiyi bir vaxtda Rusiyanın Ukraynaya qoşun yeridəcəyi təqdirdə mühüm Avropa qaz kəməri olan Şimal axını 2-nin istifadəyə verilməyəcəyini bildirib.

"Mən sizə söz verirəm ki, bunu edə biləcəyik" – deyə, Bayden qeyd edib.

Olaf Şoltz Almaniyanın boru kəməri layihəsini ləğv edib-etməyəcəyini birbaşa açıqlamayıb, lakin ABŞ və digər müttəfiqlər ilə “biz bütün lazımi addımları atacağıq və hər şey birlikdə ediləcək” deyib.

“Rusiya müdaxilə etdiyi halda, lazım gələrsə, tez cavab verməyə kömək edəcək bir reaksiya hazırlamışıq” – deyə, Almaniya kansleri bildirib. O, Almaniyanın "hər şeyi ictimaiyyətə izah etməyəcəyini" əlavə edib.

Bazar ertəsi jurnalistlərlə brifinqdə Bayden həmçinin Ukraynadakı amerikalıları ölkəni tərk etməyə çağıraraq, deyib ki, “bunu etmək ağıllı addım olardı”.

ABŞ Dövlət Departamenti artıq bildirib ki, Ukraynada qeyri-əhəmiyyətli işçilər ailə üzvləri ilə birlikdə ölkəni tərk edə bilər.

Pentaqonun mətbuat katibi Con Kirbi bazar ertəsi deyib ki, Putin həftə sonu Ukrayna ilə sərhəddə əsgərlərin sayını artırmağa davam edib.

"Cənab Putinin cəmləşdirdiyi qüvvələrə böyük qüvvələr əlavə olunmağa davam edir. Hər keçən gün o özünə hərbi baxımdan daha çox imkanlar verir" – deyə, Pentaqon rəsmisi qeyd edib.

XS
SM
MD
LG