Accessibility links

Venesuela prezidenti Nikolas Maduro ölkənin səhiyyə nazirini istefaya göndərib. Bu, nazirliyin keçən həftə ölkədəki səhiyyə böhranının daha da dərinləşdiyini nümayiş etdirən hesabatın ictimailəşdirilməsindən sonra baş verib.

Nazirin istefaya göndərilməsi xəbəri dərmanların qıtlığına qəzəblənən yaşlı əhalinin cümə günü keçirdiyi etiraz aksiyası zamanı yayılıb. Həmin etirazçılar prezidentin vəzifəsini tərk etməsini tələb edirdi.

Karakasda keçirilən “babaların yürüşü” adlanan askiyada minlərlə pensiyaçı iştirak edib. Ombudsman binasına tərəf istiqamət götürən etirazçıların qarşısını polis səddi alıb. Tərəflər arasında mübahisə zorakılıqla nəticələnib.

Venesuela artıq dördüncü ildir ki, böhran yaşamaqdadır. Neft qiymətlərinin aşağı düşməsi nəticəsində yaranan böhran qida və dərman qıtlığına səbəb olub.

Venesuela Səhiyyə Nazirliyinin son iki ildə ilk dəfə olaraq ictimailəşdirdiyi hesabatda ölkədə bir yaşından aşağı uşaqların ölümü 30 faiz, doğuşla əlaqəli ana ölümləri 65 faiz, malyariya halları isə 76 faiz artıb. Nazirliyin bildirdiyinə görə, ölkədə difteriya və Zika halları da artıb.

Maduro ölkəni bürüyən istefa tələblərinə müqavimət göstərməyə davam edir. O dəfələrlə bildirib ki, ölkədəki iqtisadi böhranın səbəbkarı ABŞ-dır. Maduronun rəqibləri isə böhranın səbəblərini prezidentin sosialist siyasətində görürlər.

XS
SM
MD
LG