Accessibility links

Mahmud Bilgin: Nyu York toplantısı bu günə qədər qatıldığımız ən yüksək səviyyəli toplantı idi


Mahmud Bilgin

Mahmud Bilginin sözlərinə görə, bu yaxınlarda Nyu York şəhərində təşkil olunan “İranın Gələcəyi Üçün Beynəlxalq Konvensiya”, bü günə qədər qeyri-fars icmaların qatıldığı İranla bağlı keçirilən ən yüksək səviyyəli toplantı olub.

Mahmud Bilgin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:23 0:00

“Güney Azərbaycan Demokrat Partiyasının” başqanı Amerikanın Səsi ilə söhbətdə “Nüvə İrana Qarşı Birlik” (UANI) təşkilatı tərəfindən keçirilən konvensiyanın hədəfləri və orada baş verənlər haqqında ətraflı məlumat verib.

“UANI təşilatı aylar idi bunu təşkil etməyə çalışırdı. Çalışıldı ki, həm qeyri-fars millətlər həm də fars millətinin nümayəndələri bir araya gəlsinlər və, açıq şəkildə deyilməsə də, [İslam Respublikasına] bir alternativin yaranmasını da hədəf tutmuşdular,” Bilgin söyləyir.

İlk dəfə idi ki, Güney Azərbaycan məsələsi və ümumiyyətlə İranda qeyri-fars millətlərin məsələləri fars təşkilatları ilə birgə gündəmə gəlirdi və Amerikanən yüksək rütbəli rəsmilərinin də diqqətində idi.


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyası ilə eyni günlərdə keçirilən toplantıda “Xalqın Mücahidləri” təşkilatı, onun siyasi qanadı olan “İran Milli Müqavimət Şurası”, “İran Xalq Fədailəri Gerillaları Təşkilatı”, “ABŞ Azadlıq və İnsan Haqları Fondu”, “Amerikalı İranlı Cəmiyyətlərin Birliyi”, habelə İranın türk, ərəb, kürd və bəluç icmalarına mənsub siyasi təşkilatların nümayəndələri iştirak ediblər.

Mahmud Bilginin dediklərinə görə, “Güney Azərbaycan Demokrat Partiyası” (GADP) və “Azərbaycan Mərkəzi Partiyası” təşkilatlarından əlavə bu təşkilatlara mənsub olmayan bəzi milli fəallar da toplantıya qatılıblar.

Azərbaycan Mərkəzi Partiyasından Saleh Kamranı güney təşkilatları adına toplantıda çıxış edib.
Azərbaycan Mərkəzi Partiyasından Saleh Kamranı güney təşkilatları adına toplantıda çıxış edib.
Türkcənin İranda rəsmi dil olması və Güney Azərbaycan üçün öz müqəddəratını təyin etmə haqqı bizim əsas tələblərimizdir. Bu iki nöqtə bizim üçün aparıcı nöqtədir. Bunlar bizim qırmızı xəttimizdir. Biz bunu orada da dedik.


Bilgin bu konvensiyanın bəzi respublikaçı və demokrat senatorlar və konqresmenlərin dəstəyi ilə BMT Baş Assambleyasının 27-ci sessiyası ilə eyni günlərdə keçirilməsinə diqqət çəkərək, güney təşkilatlarının indiyədək qatıldığı ən yüksək səviyyəli platform olduğunu vurğulayır.

“Bu toplantı niyə önəm daşıyır? Çünki, zaman baxımından İranın çalxantılı günlər keçirdiyi bir dönəmdə təşkil olundu. Bir də bunun Nyu-Yorkda keçirildiyi üçün və BMT-nin iclasında dünya liderlərinin eyni gündə bu şəhərdə toplanması səbəbilə, bu toplantı diqqətləri üzərinə çəkmişdi,” o, bəyan edir.

GADP başqanı hesab edir ki, İranın Gələcəyi Üçün Beynəlxalq Konvensiyada baş verənlər, “həm İran hakimiyyəti, həm də Amerikalı siyasətçilər tərəfindən, ABŞ xarici işlər nazirliyi səviyyəsində, izlənilib.”

Onun dediklərinə görə, “ilk dəfə idi ki, Güney Azərbaycan məsələsi və ümumiyyətlə İranda qeyri-fars millətlərin məsələləri fars təşkilatları ilə birgə gündəmə gəlirdi və Amerikanən yüksək rütbəli rəsmilərinin də diqqətində idi.”

Mahmud Bilgin “Güney Azərbaycan təmsilçilərinin konvansiyanın yekun qətnaməsinə qol çəkməkdən imtina ettiklərini” bildirir:

“Bu toplantının ağırlığı burada idi ki, çalışırdılar mütləq oradan bir nəticə çıxsın. Düşünün ki, toplantıdan sonra, 15 maddəlik bir bəyanat gətirdilər və 1 saat yarım mübahisə olundu ki, bunu imzalayın. Biz gördük ki, bu maddələrin içərisində yalnız 8-ci maddə bizimlə bağlıdır. O da çox geri qalmış bir maddə idi. İranda dini və etnik [icmalarının] bərabər hüquqa malik olmasına dair ümumi sözlər idi. Gördük ki, İslam Cümhuriyyətinin ana yasası da bundan irəlidir. Buna açıqca etiraz etdik.”

Siyasi fəal deyir, “8-ci maddənin yerinə bir maddə təklif etdik ki, İranda millətlərin tanınmasını, İran dövlətinin qeyri-mərkəziyyətçi bir sistem olması, millətlərin öz müqəddəratını yəyin etmə haqqına sahib olmasını və eyni demokratik prinsiplərə əsaslanan bir dövlətin olmasını vurğuladıq.”

Bilgin “fars millətinə mənsub təşkilatların” bu təklifi qəbul etmədiklərini ifadə edir:

İranın Gələcəyi Üçün Beynəlxalq Konvensiyada baş verənlər həm İran hakimiyyəti, həm də Amerikalı siyasətçilər tərəfindən, düşünürəm ki, ABŞ xarici işlər nazirliyi səviyyəsində, izlənildi.


“Bizim bu təklifimizi, orada iştirak edən amerikalılar qəbul etsələr də, fars millətinin nümayəndələri qəbul etmirdilər. Çalışırdılar ki, bizi oyuna gətirsinlər. Amma, biz də diqqətli [davrandıq] və dedik ki, bu yazılmasa biz imza atmarıq və imzalamadıq. Oradan çıxdıq və bizim ardımızca ərəb və bəluç nümayəndələri də çıxdılar.”

Onun sözlərinə görə, “türkcənin İranda rəsmi dil olması və Güney Azərbaycan üçün öz müqəddəratını təyin etmə haqqı bizim əsas tələblərimizdir. Bu iki nöqtə bizim üçün aparıcı nöqtədir. Bunlar bizim qırmızı xəttimizdir. Biz bunu orada da dedik. O toplantıya qatılan bütün fəallarımız bu iki nöqtə ilə bağlı həmfikir idilər.”

Konvensiyaya qatılan bütün tərəflərin imzaladığı bir yekun qətnamə çıxarılmasa da Mahmud Bilgin iclasın güney təşkilatları üçün uğurlu keçdiyini vurğulayır: “Düşünürəm ki, biz orada türklərin İranda vəziyyətini anlada bildik... İlk dəfə idi ki, dövlətçiliyimizə yaxın bir söyləmlə beynəlxalq diqqət mərkəzində olduq. [Ümumiyyətlə] qeyri-fars millətlər öz möhürlərini o toplantıya vurdular.”

Şərhlərə bax

XS
SM
MD
LG