Accessibility links

Makron parlament seçkilərinə namizəd tapmaqda çətinlik çəkir


Avropapərəst və bizneslərə meylli mərkəzçi Emmanuel Makronun Fransa prezidenti seçilməsinin əsas səbəblərdən biri onun ölkə siyasətinə dəyişikliklər gətirəcəyi ilə bağlı vədləri olduğu hesab edilir. Amma, qələbəsindən bir neçə gün sonra, yeni seçilmiş prezident növbəti ay keçiriləcək parlament seçkiləri üçün namizədlərini müəyyən etməkdə çətinlik çəkir.

Qələbə nitqində əhalinin ölkədəki cari siyasətə baxışlarında fərqliliklərin mövcudluğu vurğulayan Makron, xalqı birləşdirmək üçün əlindən gələni edəcəyini söz verib.

Amma arxasında oturuşmuş bir siyasi partiya olmadığından, yaxınlaşan parlament seçkiləri onun üçün çətinliklər yaradır. “İrəli” siyasi hərəkatı Makronu prezident seçdirdi. İndi isə həmin hərəkat ciddi qəbul edilməsi üçün siyasi partiyaya çevrilməlidir.

İndiyədək, Makron Fransa Milli Assambleyasının 577 yerinə yalnız 428 namizəd müəyyən edə bilib. Onların cəmi beş faizi cari parlamentin üzvüdür. Namizədlərin yarısından çoxu isə heç zaman seçkili qurumlarda təmsil edilməyiblər.

Çıxışlarında cinsi bərabərliyin əhəmiyyətini dəfələrlə qeyd edən Makronun namizədlərin demək olar ki, yarısı qadındır. Siyahıda olanların ortalama yaşı 46-dır. Xatırladaq ki, yeni seçilmiş prezidentin 39 yaşı var.

Namizədlərinin arasında ən tanınmışlardan biri Erik Halfendir. O, sabiq prezident Jak Şirakla bağlı korrupsiya işini araşdıran hakim olub. Siyahıda olanlar arasında buğa döyüşçüsü olmuş xanım, video oyunlar istehsalçısı və riyaziyyat dahisi də var.

XS
SM
MD
LG