Accessibility links

Makron: Türkiyənin Liviyadakı rolu qəbuledilməzdir


Fransa prezidenti Emmanuel Makron Türkiyənin Liviyadakı rolunun qəbuledilməz olduğunu deyərək, bunu sülhə maneə adlandırıb.

Türkiyə BMT-nin dəstəklədiyi Tripoli hökumətini silahlarla təmin edir. Hökumət general Xəlifə Həftarın rəhbərlik etdiyi rəqib administrasiya ilə döyüşlər aparır.

Bazar ertəsi Parisdə Tunis prezidenti Kais Sayed ilə təşkil edilən mətbuat konfransında Makron Türkiyəni BMT-nin Liviyaya tətbiq etdiyi silah embarqosuna məhəl qoymamaqda günahlandırıb.

Fransanın dövlət başçısı Avropa İttifaqını Liviyaya bütün xarici müdaxilələrin dayandırılmasına çağırıb.

"Mənim prezident Rəcəb Tayyib Ərdoğana bunları deməyə imkanım olub. Mən bu gün Türkiyənin Liviyadakı planlarını təhlükəli oyun hesab edirəm. Bütün bunlar Berlin konfransı zamanı əldə edilən öhdəliklərə ziddir" - deyə, Makron əlavə edib.

Fransa ilə Türkiyə arasında münasibətlər iki həftə əvvəl Aralıq dənizində hərbi gəmilərlə bağlı insidentdən sonra gərgin vəziyyətdədir.

Fransanın Müdafiə Nazirliyi iyunun 17-də Türkiyənin hərbi gəmilərinin Fransanın NATO missiyasında olan hərbi gəmisinə qarşı “son dərəcə aqressiv” hərəkətlər nümayiş etdirdiyini bildirib.

France24 telekanalı bildirir ki, Türkiyə bu ittihamları rədd edib.

Xəbərdə deyilib ki, fransalı dənizçilər BMT embarqosunu pozaraq Liviyaya silah daşımasından şübhələndikləri bir gəminin yükünü yoxlamağa çalışırdılar.

Bu zaman Türkiyə hərbi gəmilərinin Fransa gəmisini radar tuşlaması ilə üç dəfə nişan aldıqları məlum olub.

Fransa nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinin dediyinə görə bu, Türkiyə gəmilərinin atəş açmaq niyyətində olduqlarını göstərirdi:

"Müttəfiq gəmisi tərəfindən NATO gəmisinə qarşı bu son dərəcə aqressiv akt qəbuledilməzdir. Biz bunu son dərəcə ciddi insident hesab edirik. Biz bir müttəfiqin bu cür davranışını, NATO komandanlığı altında NATO missiyasını həyata keçirən bir NATO gəmisinə qarşı belə hərəkətini qəbul edə bilmərik”.

İyunun 17-də habelə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnès von der Mühll Türkiyənin Liviyaya qarşı BMT embarqosuna nəzarət edən NATO müttəfiqinə mane olmasını qətiyyətlə pisləyib.

Sözçü əlavə edib ki, bu embarqonun pozulması Liviyada sülh və stabilliyin əldə edilməsinə başlıca maneədir.

Bir neçə həftə bundan əvvəl baş vermiş bu insident barədə məlumat NATO müdafiə nazirlərinin iyunun 17-də video bağlantısı ilə keçirdikləri müşavirədə bəlli olub.

Liviya 2011-ci ildə uzunmüddətli diktator Müəmmar Qəzzafinin öldürülməsindən sonra təlatüm içərisindədir.

Ölkəni hazırda iki hökumət idarə edir. Həftar hökuməti Misir, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG