Accessibility links

Arşın mal alan operettası Los-Ancelesdə


Arşın Mal Alan operettasından səhnə
Arşın Mal Alan operettasından səhnə

Operetta məşhur “Dorothy Chandler Pavilion” opera teatrının səhnəsində nümayiş etdirilib, 3000 tamaşaçı iştirak edib

ARDNŞ-nin sponsorluğu və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə sentyabrın 7-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Los-Anceles şəhərində, dünyanın ən böyük və məşhur “Dorothy Chandler Pavilion” opera teatrının səhnəsində böyük uğurla nümayiş etdirilib.

Tamaşada 3000-dən çox tamaşaçı iştirak edib.

Operettanın 100 illik yubileyinə həsr olunmuş tamaşa “Arşın mal alan”ın ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.

Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnak, rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa edilib, dialoqları isə ingilis dilində aparılıb. Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu Hollivud orkestri operettanın musiqisini yüksək ustalıqla ifa edib.

Tamaşanın son toy səhnəsində ifaçılar səhnəyə Azərbaycan milli geyimlərində çıxıb. Toy səhnəsinin arxa fonunda isə Azərbaycan musiqisinin beşiyi Şuşa şəhərinin qala qapılarının, Qarabağın müxtəlif tarixi abidələrinin və təbiətinin görüntüləri əks olunub.

Baş konsulluq tərəfindən nəşr edilmiş və tamaşaçılara paylanılmış proqramda Şuşa şəhərinin tarixi və onun Azərbaycan musiqisi və mədəniyyətində oynadığı əvəzsiz rolu haqqında ətraflı məlumat verilib.
XS
SM
MD
LG