Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı iş davam edir. Bu barədə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərlə söhbətində bildirib.
Onun fikrincə, strateji tərəfdaşlıq davam edən prosesdir və məsləhətləşmələr aparılır.
“Azərbaycanla bu sahədə geniş müzakirələrin aparılmasına ehtiyac var. Əməkdaşlıq və tərəfdaşlıq razılaşması üçün 1996-cı ildən hüquqi baza mövcuddur. Azərbaycan və Avropa İttifaqı yaxşı anlayır ki, bu gün bizim münasibətlər 90-cı illərdən fərqlənir. Avropa İttifaqı Azərbaycanın ən böyük və yaxşı ticarət tərəfdaşıdır. Bizim turizm, kənd təsərrüfatı daxil olmaqla geniş sahədə əməkdaşlığımız mövcuddur. Viza sadələşdirilməsi və readmissiya sazişlərimiz mövcuddur. Hər iki tərəf yeni sazişlə bağlı yeni imkanları və yeni yaradılacaq hüquqi bazanı araşdırmaqda maraqlıdır”, o qeyd edib.
M.Mard readmissiya məsələsindən danışarkən deyib ki, readmissiya sazişi çərçivəsində Avropa ölkələrindən Azərbaycana göndərilən şəxslər barədə dəqiq rəqəmlərə malik deyil.
“Ancaq Azərbaycan bu məsələdə bizim üçün narahatedici ölkə deyil. Biz istəyirik ki, qarşılıqlı olaraq daha çox turist səfərləri olsun. Əslində bunun üçün yaxşı imkanlar var. Çünki viza prosesinin sadələşdirilməsi readmissiya sazişləri vizanın verilməsi prosedurunu asanlaşdırır və xidmət haqqını azaldır”, M.Mard bildirib.