Malinin xüsusi təyinatlı qüvvələri ötən həftə lüks bir oteldə 19 nəfərin ölümü ilə nəticəlnən hücumla bağlı iki nəfəri həbs edib.
Ordunun cümə günü yaydığı bəyanatında hər iki nəfərin Bamakoda həbs olunduğu və onlarla aparılan sorğu-sualın hücumçuların məqsədləri ilə bağlı daha çox məlumat toplamağa yardım edəcəyi bildirilsə də, onların hücumla əlaqəsi haqda məlumat verilmir.
İki Qərbi Afrika yaraqlı qrupu - İslam Məqrəbində Əl-Qaidə (AQİM) və onun bir qolu olan El Murabituni noyabrın 20-də Radisson Blu mehmanxanasına hücumun məsuliyyətini öz üzərinə götürüb.
Tüfənglər və partlayıcı maddələr daşıyan iki silahlı şəxs səhər radələrində otelə daxil olaraq lobbidə atəş açıb, bir neçə mühafizəçini öldürüb.
Radisson xaricilər arasında populyar bir oteldir və Malidə sülh danışıqlarının orada keçiriləcəyi gözlənirdi. Şahidlər deyir ki, silahlı şəxslər mehmanxana ərazisinə diplomatik nömrə nişanlı maşında daxil olub daha sonra isə otaq-otaq gəzərək qurbanlarını axtarıb.
Mali xüsusi qüvvələri 190 otaqlı oteldə saatlarla sürən axtarış əməliyyatı apararaq qonaqları xilas ediblər.
Malidə yerləşdirilən BMT sülhməramlıları əməliyyata yardım ediblər. Bir sıra Fransa qoşunu və o zaman Bamakoda olan Amerika hərbi personalı da kömək edib.
Malinin prezidenti İbrahim Mubakar Keita hücumdan sonra üçgünülk matəm elan edib və terrorizmi aradan qaldırmaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edib.
ABŞ prezidenti Barak Obama bu hücumun ABŞ-ın terror hücumlarının qarşısını almaq səylərini gücləndirəcəyini deyib.