Accessibility links

Vüqar Bayramov: Məzənnə Mərkəzi Bankın mövqeyindən asılıdır


Dollar
Dollar

Martın 6-da Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi 1,7001 manatdan 1,7000 manata enib. 2017-ci ilin dekabrından məzənnə 1USD/1,7001AZN olub.

Kommersiya bankları Amerika valyutasını 1,6900-1,6980 manat arasında alır, 1,7000-1,7050 manata satır.

Martın 6-da avronun rəsmi məzənnəsi əvvəlki gün ilə müqayisədə 2,0948 manatdan 2,0992 manatadək artıb.

Kommersiya bankları ümumavropa valyutasını 2,0830-2,0900 arasında manata alır, 2,1050-2,1200 manata satır.

Əksinə, dollara tələbat artıb

Bununla yanaşı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Facebook səhifəsində yazıb ki, bu ilin fevralında dollara tələbin yüksəlməsi qeydə alınıb.

"Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ay ilə müqayisədə 21 faiz yüksəlib.

2017-ci ilin yanvar ayında fond valyuta hərraclarında 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar satıb.

Dollara tələbin artması nə ilə bağlıdır?

Dollara tələbin artması idxalın və eləcə də büdcə xərcləmələrinin artması ilə bağlıdır. Monitorinqlər göstərir ki, yığımlarda da artım qeydə alınır. Mərkəzi Bankın statistikası göstərir ki, bu ilin yanvar ayında dollar satışı əvvəlki ilin uyğun ayı ilə müqayisədə də çox olub.

Dövlət Gömrük Komitəsinin isə məlumatına görə, bu ilin yanvar ayında idxal 688 milyon 625 min dollar olub. 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında idxal 51% artıb. Belə ki, ötən ilin yanvar ayında idxal 450 milyon 36 min dollar idi.

Ekspert hesab edir ki, idxalın həcminin artması dollara tələbi artıran əsas faktordur.

"Digər tərəfdən, hərraclarda satılan dolların təxminən 90 faizi məhz idxal əməliyyatları üçün sifariş edilir. Bu isə o deməkdir ki, idxal birbaşa dollara olan tələbi müəyyənləşdirir. İstehlak ilə yanaşı, büdcə xərcləmələrinin artması da dollara olan tələbi artıran əsas səbəblərdən hesab edilir".

Dollara tələbat martda da yüksək olacaq

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbərinin fikrincə, dollara tələbin mart ayında da yüksək olacağı gözlənilir.

"Bu, həm mart ayında qeyri-iş günlərinin sayının çox olması səbəbindən xarici səfərlərə marağın yüksəlməsi, həm də bayramlar ilə bağlı olaraq idxalın artması ilə əlaqədardır. Dollara tələbin yüksəlməsinə baxmayaraq, milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Güman olunur ki, növbəti aylarda da məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", o bildirib.

XS
SM
MD
LG